“İnsan alveri qurbanlarına çevrilməyək” mövzusunda tədbir keçirildi.
08 aprel 2015-ci il tarixində Qızıldaş qəsəbəsində 180 nömrəli tam orta məktəbdə “İnsan alveri qurbanlarına çevrilməyək” mövzusunda tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sının məsul katibi Firidun Hüseynov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinin polis kapitanı Kamran Kazımov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon bölməsinin sədri Niyaz Eyvazov, məktəb müəllimləri və şagirdlər iştirak edirdi.
İlk öncə mövzu barədə qısametrajlı film nümayiş olundu.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sının məsul katibi Firidun Hüseynov cinayətkarlığın təhlükəli növlərindən biri olan insan alverinin geniş yayılması və yaş həddi olmadan bütün cəmiyyət üzvlərini əhatə etməsini təhlükəli hal kimi dəyərləndirdi. Qeyd etdi ki, dünyada insan alverində azyaşlı uşaqlardan istifadə halları artmaqdadır. Hal-hazırda ölkəmizdə insan alverinə qarşı mübarizə və insan alveri qurbanları ilə işlər yüksək səviyyədə qurulub və bu sahədə çox ciddi qanunvericilik bazası var. Cəmiyyətdə bu məsələ ilə bağlı kifayət qədər məlumatın olması və insan alverinə qarşı mübarizədə dövlət və cəmiyyətin birgə fəaliyyəti çox vacibdir.
Daha sonra çıxış edən digər tədbir iştirakçıları da
bu cinayətin dəhşətli statistikası barədə məlumatlar verdilər. Dövlətimiz tərəfindən insan alverinin qarşısının alınması, qurbanların reabilitasiyası, reinteqrasiyası, onların sosial müdafiəsi və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində çoxşaxəli və məqsədyönlü işlərin görüldüyünü bildirdilər.
Tədbirdə insan alverinə qarşı mübarizə, insan alveri qurbanlarının hüquqlarının qorunması, sosial müdafiəsi, bu sahədə qanunvericilik və digər qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.