“Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda təlim keçirildi.
25 fevral 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun qabaqcıl şagirdləri üçün “Uşaq hüquqları : hüquqlarımızı bilək və paylaşaq” mövzusunda təlim keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova, Komitənin məsul işçiləri və məktəblilər iştirak edirdi.
Tədbirdə ilk öncə Xocalı faciəsini əks etdirən film nümayiş olundu.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova son illər ölkəmizdə aparılan sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsini də uşaqlara göstərilən qayğının dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirdi.
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova keçirilən təlim məqsədi barədə ətraflı məlumat verdi.
Təlimin keçirilməsində məqsəd təlimçi olaraq hazırlanmış uşaqlar tərəfindən bugün onlar üçün aktual hesab edilən, onları maraqlandıran mövzuların müzakirəsi, uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, eləcə də, uşaq iştirakçılığının təmin olunmasıdır.
Təlim 2014-cü ilin noyabr ayında Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumunda uşaqlar arasında birgə və səmərəli işin aparılmasının təmin edilməsi, həmçinin uşaqların iştirakı ilə onları maraqlandıran mövzularda təlimlərin təşkil olunması məqsədi ilə yaradılan Əlaqələndirmə Şurasının təşəbbüsü ilə həyata keçirilir, bu təlimlərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakına da diqqət ayrılmışdır, təlimlərin fərqləndirirci xüsusiyyəti ondadır ki, bu təlimlər uşaqlar tərəfindən qrup müzakirələri şəklində aparılır.