Qaradağ rayonunda fərdi jurnalist yazıları müsabiqəsinə yekun vuruldu.
04 fevral 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində rayon İcra hakimiyyətinin və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə təşkil olunan «Yerli İcra Hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi» mövzusunda konfrans keçirildi.
Azərbaycan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri ilə yanaşı ölkənin 30-a yaxın aparıcı qəzet və elektron informasiya vasitələrinin rəhbərləri, həmin KİV-lərin jurnalistləri, rayon ictimaiyyyəti nümayəndələri iştirak edirdilər.
Yığıncaqdan öncə tədbirdə iştirak edən qonaqlar ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov ilk olaraq qonaqları salamlayaraq, Azərbaycan Milli Mətbuatının keçdiyi böyük və şərəfli inkişaf yolundan keçdiyini, Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırıldığımı bildirdi. Qeyd etdi ki, bu sahədə qanunvericilik bazası formalaşmış, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılmışdır. KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Rayon İcra hakimiyyəti ilə KİV-ləri arasında qarşılıqlı sıx əlaqələrin olduğu, mətbuat nümayəndələrinin sorğu və sualları operativ şəkildə cavablandırıldığını, keçirilən tədbirlər və rayonla bağlı yazılar mütəmadi olaraq mətbuat səhifələrində işıqlandırıldığı, rayonda təşkil olunan tədbirlərə KİV nümayəndələri dəvət olunduqlarını diqqətə çatdırdı. «Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər» mövzusunda keçirilən müsabiqədə jurnalistlərin xüsusi diqqətinin olmasını ölkəmizin sürətli inkişafının hər bir bölgəsində olduğu kimi Qaradağ rayonunda da geniş vüsət alması olaraq səciyyələndirdi.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli fondun fəaliyyəti, keçirilən tədbir və müsabiqələr, o cümlədən artıq 2-ci dəfə Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi barədə ətraflı məlumat verərək, qeyd etdi ki, müsabiqə Qaradağ rayonunun sosial-iqtisadi və ictimai-siyasi həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədi daşımış, 25 noyabr – 25 dekabr tarixlərində keçirilən müsabiqə ilə bağlı müxtəlif KİV-də 50 yazı dərc olunmuşdur.
Vüqar Səfərli müsabiqənin təşkili, gedişi, iştirakçıların məqalələrinin analizi və qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verdi.
Tədbirdə 2014-cü il ərzində Media və icra orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov xüsusi diplomla təltif olundu.
16 nəfərin mükafatlandırılması nəzərdə tutulsa da, müsabiqə iştirakçıların çoxluğu nəzərə alınıb 25 nəfərə diplomlar, fəxri fərmanlar və pul mükafatları təqdim olundu.
Tədbirdə həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırıldı.