Qaradağ rayonunda növbəti əmək yarmarkası keçirildi.
17 dekabr 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına mədəniyyət evində Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə əmək yarmarkası keçirildi.
Baş tutan tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, Bakı şəhər Məşğulluq İdarəsinin rəisi vəzifəsini icra edən Mirsaleh Babayev və işaxtaranlar vətəndaşlar iştirak edirdilər.
Tədbirdə Bakı Gəmiqayırma zavodu, "Qaradağ Maşınqayırma" ASC, "Holcim (Azərbaycan)" ASC, "Norm" MMC, “AzMeCo” MMC, “Prolink Caspian” MMC, "Embawood " MMC, "İnter-Glass" MMC və digər iri müəssisələrin də daxil olduğu, 1-i dövlət, qalanları qeyri-dövlət sektoruna aid ümumilikdə 22 müəssisə üzrə 473 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib. Onlardan 416 vakant iş yeri özəl sektora aiddir. Yarmarkada təqdim olunan vakant iş yerlərində əmək haqqının ən aşağı həddi 170-200 manat, ən yüksək həddi isə 1500-2000 manat təşkil edib.
Keçirilən əmək yarmarkasında 300-dən çox işaxtaran iştirak etmişdir ki, 84 nəfərin isə işəqəbul üçün sənədləri götürülüb.
Əsasən qulluqçu, xidmət və fəhlə peşələri üzrə vakant iş yerlərinin təklif olunduğu yarmarkada Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslərin münasib işlərlə təminatı diqqət mərkəzində saxlanılıb. Tədbir zamanı əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərdən 27 nəfəri peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb.