Qaradağ metal konstruksiyalar zavodunun açılışı olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaradağ metal konstruksiyalar zavodunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, sahəsi 8 min 600 kvadratmetr olan zavod Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Qaradağ rayonunun Sahil qəsəbəsində 4,5 hektar ərazidə inşa edilmişdir.
Tikintisinə 2011-ci ilin iyulunda başlanılmış zavod Avropanın “Kaltenbach GmbH”, “Zimfer”, “Vinter”, “Voortman”, “Facin” və “Durma” şirkətlərinin müasir texnologiyası əsasında qurulmuşdur.
Bildirildi ki, il ərzində 24 min ton metal konstruksiyalar istehsal edəcək zavodda 120 nəfər işlə təmin olunmuşdur. Zavodda məhsulların çeşidinin və həcminin gələcəkdə artırılması məqsədi ilə əlavə istehsal korpuslarının inşası nəzərdə tutulmuşdur.