Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyasının iştirakçıları Füzuli və Ağdam rayonlarında oldular.

15 noyabr 2014 | 11:00

“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Qarabağ bölgəsinə ekskursiya edən Qaradağ rayonunun ümumtəhsil məktəblilərinin IX-XI sinif şagirdləri noyabrın 14-də əvvəlcə Füzuli rayonuna gəliblər.
Məktəblilərin rayonla tanışlığı Horadiz şəhərinin girişindəki Dövlət Bayraq Meydanından başlayıb.
Sonra Heydər Əliyev Parkına gələn qonaqları rayon ictimaiyyətinin nümayəndələri və füzulili məktəblilər qarşılayıblar. Məktəblilərə Füzuli rayonunun tarixi, coğrafi mövqeyi, mədəniyyəti, iqtisadiyyatı barədə məlumat verilib. Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları Ulu Öndərin həyatını, siyasi fəaliyyətini əks etdirən fotoşəkillərlə və sənədlərlə, qədim Azərbaycan dövlətləri haqqında məlumatlarla və həmin dövlətlərin rəmzlərinin lazer görüntüləri ilə tanış olublar. Horadiz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq aksiya iştirakçılarında böyük maraq oyadıb. Məktəblilər ibtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid bölmələrdə nümayiş etdirilən eksponatlara, Azıx mağarasının, dəmirçi emalatxanasının və etnoqrafik komanın maketlərinə, ibtidai dövrdə istifadə olunan məişət və əmək alətlərinə maraqla baxıblar. Bildirilib ki, nümayiş olunan eksponatlar vaxtilə Füzuli rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Sonra Baş Mil kanalı üzərində inşa edilən Su Elektrik Stansiyasına gələn şagirdlərə elektrik enerjisinin istehsalı prosesi barədə məlumat verilib.
“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Aran Qarabağ bölgəsinə səfər çərçivəsində məktəblilər noyabrın 10-da Ağdam rayonunda oldular. Rayonun girişində səmimiyyətlə qarşılanan məktəblilərə Ağdam rayonu haqqında məlumat verilib. Məktəblilər Şəhidlər abidə kompleksini ziyarət etdikdən sonra Quzanlı qəsəbəsindəki Ağdam Dram Teatrına gəliblər. Burada onlar rayonda fəaliyyət göstərən “Şur” ansamblının konsertinə baxıblar. Şagirdlərə Ağdamın işğaldən əvvəlki və sonrakı görüntüləri əks olunmuş disk təqdim olunub. Daha sonra şagirdlər məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində fəaliyyət göstərən Qiyaslı kənd uşaq musiqi məktəbinə gəliblər. Məktəbin xor kollektivinin ifası məktəblilərə xoş ovqat bəxş edib. Qonaqlar burada ağdamlı məktəblilərlə birgə xatirə şəkli çəkdirdilər. Məktəblilər Çəmənli kəndində Seyid Lazım Ağa ziyarətgahı ilə tanışlıqdan sonra Ağcabədi rayonuna yola düşüblər.

Keçidlər