Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərin tur-aksiyası davam edir.

11 noyabr 2014 | 11:00

“Ölkəmizi tanıyaq” devizi altında Aran Qarabağ bölgəsinə ekskursiya edən Qaradağ rayonunun ümumtəhsil məktəblilərinin IX-XI sinif şagirdləri noyabrın 9-da Füzuli rayonunda oldular.
Xüsusi avtobuslarla Horadiz şəhərinə gələn məktəblilər ilk olaraq Dövlət Bayraq Meydanını ziyarət ediblər. Bayraq Meydanından Horadiz şəhərini və ətraf əraziləri seyr edən məktəblilərin ifasında Dövlət Himni səslənib və onlar xatirə şəkli çəkdirdilər. Məktəblilər ekskursiyanı Heydər Əliyev parkında davam etdirdiblər. Burada onları rayon ictimaiyyətinin nümayəndələri və füzulili məktəblilər mehribanlıqla qarşılayıblar. Şagirdlərə Füzuli rayonunun yaranma tarixindən, burada aparılan abadlıq-quruculuq işlərindən ətraflı məlumatlar verilib. Heydər Əliyev Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Onlar Ulu Öndərin həyatını, siyasi fəaliyyətini əks etdirən fotoşəkillərlə və sənədlərlə, qədim Azərbaycan dövlətləri haqqında məlumatlar və onların rəmzlərinin lazer görüntüləri ilə tanış oldular. Horadiz şəhərindəki tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq aksiya iştirakçılarında xüsusilə böyük maraq oyatdı.
Sonra məktəblilər Baş Mil kanalı üzərində inşa edilən Su Elektrik Stansiyasına gəliblər. Şagirdlərə elektrik enerjisinin istehsalı prosesi barədə məlumat verilib. Məktəblilər Füzuli rayonundan xoş təəssüratlarla ayrılıblar.
“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Aran Qarabağ bölgəsinə səfər çərçivəsində məktəblilər noyabrın 10-da Ağdam rayonunda oldular. Rayonun girişində səmimiyyətlə qarşılanan məktəblilərə Ağdam rayonu haqqında məlumat verilib. Məktəblilər Şəhidlər abidə kompleksini ziyarət etdikdən sonra Quzanlı qəsəbəsindəki Ağdam Dram Teatrına gəliblər. Burada onlar rayonda fəaliyyət göstərən “Şur” ansamblının konsertinə baxıblar. Şagirdlərə Ağdamın işğaldən əvvəlki və sonrakı görüntüləri əks olunmuş disk təqdim olunub. Daha sonra şagirdlər məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində fəaliyyət göstərən Qiyaslı kənd uşaq musiqi məktəbinə gəliblər. Məktəbin xor kollektivinin ifası məktəblilərə xoş ovqat bəxş edib. Qonaqlar burada ağdamlı məktəblilərlə birgə xatirə şəkli çəkdirdilər. Məktəblilər Çəmənli kəndində Seyid Lazım Ağa ziyarətgahı ilə tanışlıqdan sonra Ağcabədi rayonuna yola düşüblər.
Ağcabədidə Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin qarşısında mehribanlıqla qarşılanan tur-aksiya iştirakçılarına rayon barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, son illərdə respublikanın digər regionları kimi Ağcabədi rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, geniş yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri aparılıb, sosial yönümlü obyektlər, iri istehsal müəssisələri tikilərək istifadəyə verilib. Məktəblilər Qarabağ Muğam Mərkəzinin və incəsənət məktəbinin şagirdlərinin ifasında mahnı və rəqsləri izlədilər. Məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Qarabağ Muğam Mərkəzi qış və yay zalları, sinif və qrim otaqları müasir avadanlıqla təmin edilib. Mərkəzin yerləşdiyi Üzeyir Hacıbəyli adına park abadlaşdırılıb, burada bəstəkarın büstü ucaldılıb, onun əsərlərinin personajlarını əks etdirən heykəlciklər qurulub. Gənclər Mərkəzinə gələn şagirdlərin diqqətinə çatdırıldı ki, Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayır. Burada gənclər kafesi, kompyuter, atıcılıq, linqafon otaqları, iclas və akt zalları, elektron kitabxana var. Tur-aksiya iştirakçıları sonra Şahmat Məktəbi ilə tanış olub, Şəhidlər Xiyabanını ziyarət etdilər. Heydər Əliyev parkında gəzintidən sonra məktəblilər Ağcabədi rayonundan xoş təəssüratlarla ayrılıblar.

Keçidlər