Məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyasına yola salındılar
09 noyabr 2014-cü il tarixdə səhər saatlarında Qaradağ rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici
tur-aksiyasına qoşuldular.
Tur-aksiya iştirakçılarını Fizulu-Ağcabədi-Ağdam-Bərdə-Tərtər marşurutu istiqamətində yola salmaq üçün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, müəllimlər və valideynlər Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində toplaşdılar.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır.
Bu şəraiti yaratdığına görə şagirdlər dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri bu gün Fizulu-Ağcabədi-Ağdam-Bərdə-Tərtər marşrutu ilə ölkənin Aran Qarabağ bölgəsinə yola düşərək, dörd gün davam edəcək tur-aksiya çərçivəsində həmin ərazilərin tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar.
Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla müvafiq marşrut istiqamətində yola düşdülər.