Şriftin ölçüsü :

Saytın rəngi :

“Zərərli vərdişlərə son qoyaq” mövzusunda məktəblilər ilə görüş keçirildi.

28 oktyabr 2014 | 11:00

28 oktyabr 2014-cü il tarixdə Qaradağ rayonu Ələt qəsəbəsindəki 110 nömrəli orta məktəbin akt zalında məktəblilər ilə  “Zərərli vərdişlərə son qoyaq” mövzusunda  görüş keçirildi.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sının məsul katibi Firidun Hüseynov,  rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinin baş inspektoru Ceyran Ömərova, 32 nömrəli Şəhər poliklinikasının həkimi Asəf Səmədov, məktəb müəllimləri və şagirdlər iştirak edirdi.
İlk öncə Dövlət Himnimiz səsləndi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sının məsul katibi Firidun Hüseynov gənc nəslin sağlam həyat tərzinin təmin olunmasının zəruriliyindən danışaraq bu sahənin daima rayon rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” və eləcə də narkomaniyaya qarşı mübarizə üzrə imzaladığı Dövlət Proqramları gələcəyimiz olan gənclərə dövlət tərəfindən yetirilən xüsusi diqqətin təcəssümüdür. Ölkə gənclərinin vətənpərvərlik, dövlətçilik prinsipləri əsasında milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı dövlətimizin daim diqqət mərkəzindədir.
Daha sonra çıxış edən digər natiqlər də son vaxtlar yeniyetmə və gənclər arasında narkotiklərə meyilliyin olmasından və hətta bu ümumbəşəri bəlanın təhsil ocaqlarına belə yol tapmasından danışdılar. Bildirdilər ki, gənclərin mənəvi-əxlaqi tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyillərin azaldılması və aradan qaldırılması vəzifəsi hər bir təhsil müəssisəsinin, bu sahədə çalışan hər bir işçinin qarşısında duran məsul vəzifədir. Narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi və təşviqat kampaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər.
Tədbirdə məktəblilərin “ağ ölüm” sayılan narkomaniyanın fəsadlarını özündə əks etdirən səhnəciklər böyük diqqətlə qarşılandı.
Tədbirin sonunda iştirakçılara mövzuya uyğun broşürlər paylanıldı.

Keçidlər