Hərbi hissədə “18 oktyabr Müstəqillik Günü “qeyd olundu.
Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissədə Qaradağ Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə şəxsi heyətlə “18 oktyabr – Müstəqillik günü” münasibəti ilə görüş keçirildi.
İlk öncə Dövlət Himnimiz səsləndi.
Tədbirin təşkilatçıları 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin qəbul etdiyi “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını mühüm tarixi hadisə olduğunu bildirərək bu gün münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından təbrik etdilər. Qeyd edildi ki, bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Müstəqilliyini qazandıqdan 2 il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış müharibə, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaratmışdı.
Belə bir ağır dövrdə böyük təcrübəyə malik, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə bu təhlükə aradan qaldırıldı. Bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin müstəqil dövlət konsepsiyası və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi müstəqil Azərbaycan dövlətinin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir.
Daha sonra tədbirdə Ə.Əmirov adına Mədəniyyət Sarayının ansamblı konsert proqramı ilə çıxış etdilər.