Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi.
15 oktyabr 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 08 oktyabr 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin üzvü Ağalar Vəliyev, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Yığıncaqdan öncə tədbirdə iştirak edən qonaqlar ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov cari il oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin yüksək nailiyyətlər əldə etdiyini vurğuladı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik tam təmin edilmişdir. Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin ən böyük rayonu olan Qaradağ rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini qeyd etdi.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov hesabat məruzəsi ilə çıxış etdi. Məruzədə qeyd olundu ki, ötən doqquz ayın yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 447,0 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7 milyon manat olmuşdur. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 403,7 milyon manat investisiyadan istifadə edilmişdir. İstifadə olunmuş vəsaitin 312,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 430,0 min ton xam neft və 653,3 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 1,4 milyon ton sement, 97,2 min ton mişar daşı istehsal edilmişdir. Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,7 milyon manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi 1,4 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 84,7 milyon manat olmuşdur. Ötən dövr ərzində rayonumuzda orta aylıq əmək haqqı 765,0 manat olmuşdur. Cari dövrdə əhalinin məşğulluğunun artırılması və ehtiyacı olan işsiz vətəndaşların ixtisasına uyğun işlə təmin edilməsi istiqamətlərində rayon İcra Hakimiyyəti tərəfindən bir sıra məqsədyönlü işlər görülmüşdür. Rayon Məşğulluq Mərkəzi ilə birgə əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə mütəmadi olaraq qəsəbələrdə səyyar əmək yarmarkaları keçirmişdir. Bundan əlavə BP-Azərbaycan Şirkətinin təşkilatçılığı ilə Səngəçal qəsəbəsində həyata keçiriləcək yeni layihələrlə bağlı “Azfen”, “Tekfen” şirkətləri ilə birlikdə Sahil qəsəbəsində işə qəbulla əlaqədar mütəmadi tədbir keçirilir. Ələt qəsəbəsində Beynəlxalq Dəniz Limanının inşası uğurla davam etdirilir. Puta qəsəbəsində Metanol zavodunun tikintisi başa çatmış və açılışa hazır vəziyyətdədir. Zavod nəinki respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən biri sayılır. Rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması üçün 1875 hektar yer ayrılmışdır (Ümumi sahəsi 3850 hektar). Bu kompleksdə təqribən 2000 nəfər işlə təmin olunacaqdır. Bu ərazidə yeni yaşayış massivləri salınacaq, parklar, otellər, idman meydançaları, mədəni istirahət yerləri və digər yeni sosial obyektlər inşa ediləcək, əhalinin yaşayışı üçün yüksək səviyyəli müasir standartlara uyğun şərait yaradılacaqdır. Bütövlükdə doqquz ay ərzində 1086 yeni iş yeri açılmışdır.
Əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində xeyli işlər görülmüşdür. Belə ki, ötən doqquz ayda rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 6 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, 144 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılmış, 61,2 min metr müxtəlif diametrli kabel və hava xətləri çəkilmişdir. Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə müxtəlif diametrli 16,7 min p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilmişdir.«2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən bu istiqamətdə olan işlər davam etdirilməkdədir. Doqquz ayda əhali tərəfindən istehlak olunan elektrik enerjisinin dəyəri 104 faiz, təbii qazın dəyəri 101 faiz, su və kanalizasiya xidmətinin dəyəri 96.8, istilik enerjisinin dəyəri isə 104 faiz ödənilmişdir. Ötən qış mövsümündə rayon üzrə 10 saylı istilik sahəsi tərəfindən 96 bina, 10 orta məktəb, 4 uşaq bağçası və 3 səhiyyə obyekti istiliklə təmin olunmuşdur. Bununla yanaşı hesabat dövründə əhalinin içməli su təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün bir sıra işlər görülmüşdür. Belə ki, ötən dövr ərzində Qaradağ Sukanal İdarəsi tərəfindən 45 min p/metr yeni su xətti çəkilmiş, 4 min p/metr müxtəlif diametrli su xətti dəyişdirilmişdir. 2014-2016-cı illəri əhatə edən müvafiq Dövlət Proqramına əsasən bu istiqamətdə işlər davam etdirilir.
Bundan başqa rayonun bütün qəsəbələrində iməciliklər təşkil edilmişdir. Ərazilər təmizlənmiş, müxtəlif növlü ağac və bəzək kollarına aqrotexniki qulluq göstərilmişdir. Məişət və istehsalat tullantılarının yığılması və daşınması sahəsində də bir çox işlər görülmüşdür.
Geniş əraziyə malik olan rayonda abadlıq-quruculuq işləri aparılmaqdadır. Qəsəbələrarası və məhəllədaxili küçə və yollar yenidən qurulur. Müasir işıqlandırma sistemi quraşdırılır. Əhalinin mədəni istirahətini təmin etmək məqsədilə parklar, nümunəvi məhəllələr salınır.
Qaradağ rayonunun Qurd qapısı tərəfindən olan girəcəyi və Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayonun inzibati ərazisindən keçən hissəsində 3 hektar ərazinin abadlaşdırılması işləri başa çatdırılmış və Qobustan qoruğuna gedən yol yaşıllıq zolaqlarının salınması üçün tam hazır vəziyyətə gətirilmişdir. Ötən doqquz ay ərzində rayon ərazisində ümumilikdə 42 min 621 kv.metr ot və yaşıllıq sahələri salınmış, 10 mindən artıq gül, 12 mindən artıq müxtəlif növ ağac və bəzək kolları əkilmişdir. Həmin ərazilərə 6 min 280 maşın və ya 163 min 280 kub.metr torpaq daşınaraq yayılmışdır. Salınmış yaşıllıq zolaqlarına və əkilmiş ağaclara aqrotexniki qulluğun təmin edilməsi üçün müasir suvarma sistemi qurulmuşdur.
Rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə ötən doqquz ay ərzində 51 min kv.m. asfalt döşənmişdir. Eyni zamanda yararsız vəziyyətdə olan küçələrə 42 min kub.metr çınqıl və daş qırıntıları tökülərək yayılmış, 11 min 224 p/metr beton bordür qoyulmuş, 4200 p/m səki mişar daşı ilə hörülmüş, 15 min 500 kv.metr tamet döşənmişdir. İşlərin davamı olaraq Qobustan qəsəbəsində yerüstü keçid inşa edilmiş və əhalinin istifadəsinə verilmişdir.
Qaradağ rayonunda ekoloji sabitliyin qorunması, ətrafda olan göllərin qurudulması müvafiq Dövlət Proqramı əsasında həyata keçirilməkdədir.
Belə ki, Lökbatan qəsəbəsinin inzibati ərazisində yer ayrılmış və “Hidrolotos” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təmizləyici gücü sutkada 200 min kub.metr olan qurğunun tikinti işləri davam etdirilir.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə rayonun qəsəbələrində sel sularının qarşısının alınması məqsədi ilə kanalların çəkilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə baş verə biləcək fövqəladə halların qarşısının alınması zamanı operativ tədbirlərin həyata keçirilməsi məqsədi ilə Səngəçal qəsəbəsində yanğına qarşı yeni su hovuzunun tikintisi, Lökbatan, Sahil və Qobustan qəsəbələrinin ərazisində mövcud olan yanğına qarşı su hovuzunun təmiri, Qaradağ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölməsinin tikintisi də Tədbirlər Planına salınmışdır.
Artıq Sahil, Səngəçal və Müşfiqabad qəsəbələrində Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələrinin açılışı olmuşdur. Çeyildağ və Ələt qəsəbələrində tikintisi yekunlaşmış və son tamamlama işləri davam etməkdədir.
Qaradağ rayonu ərazisində ötən doqquz ay ərzində təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə də bir çox işlər görülmüşdür.
Belə ki, Dövlət Proqramına əsasən təhsil sahəsi üzrə 8 körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri başa çatmış, 2 uşaq bağçası üçün yeni bina və 2 məktəb üçün isə əlavə tədris korpusu tikilmişdir.
Eyni zamanda 7 nömrəli Bakı Peşə məktəbi üçün yeni binanın tikintisi başa çatdırılmışdır. Qobustan qəsəbəsindəki körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri davam edir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun 3 qəsəbəsində yeni uşaq bağçasının tikintisinə başlanılmışdır.
Hesabat dövründə rayonda səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün də müəyyən işlər görülmüşdür.
“2014-2016-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Səhiyyə Nazirliyi tərəfindən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində uşaq poliklinikası üçün yeni binanın inşası nəzərdə tutulmuşdur. Bununla yanaşı Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Lökbatan qəsəbəsindəki yeni müasir xəstəxana binalarının inşası başa çatdırılmış və tamamlama işləri aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi respublikamızın bütün bölgələrində olduğu kimi Qaradağ rayonunda da 18 yaşından yuxarı əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri uğurla başa çatdırılmışdır.
Hesabat dövründə sakinlərin asudə vaxtının təşkili istiqamətində də xeyli işlər görülmüşdür. Mədəni maarif müəssisələri tərəfindən müxtəlif maraqlı tədbirlər həyata keçirilmişdir. Musiqi məktəbləri və mədəniyyət işçilərinin, yaradıcı kollektivlərin iştirakı ilə Novruz bayramı, Gül bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar rayonda maraqlı tədbirlər təşkil olunmuşdur.
Müvafiq Dövlət Proqramına əsasən 26 may 2014-cü il tarixində Müşfiqabad qəsəbəsində mədəniyyət evinin əsaslı təmirdən sonra təntənəli açılışı olmuşdur. Eyni zamanda Lökbatan qəsəbəsindəki 9 nömrəli musiqi məktəbi üçün yeni binanın inşası başa çatdırılmış, Qızıldaş mədəniyyət mərkəzinin tikintisi isə davam etdirilir.
Hesabat dövründə Dövlət gənclər siyasətinin layiqincə həyata keçirilməsi, yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi rayon İcra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.
Dövlət Proqramı çərçivəsində, Ələt, Puta və Səngəçal qəsəbələrində mini futbol meydançalarının və idman zallarının, Qobustan qəsəbəsində isə idman zalının tikintisi davam etdirilir, Sahil qəsəbəsində “Gənclər” evinin tikintisi başa çatmışdır. Rayonumuzun bir çox qəsəbələrində idmanın kütləviliyinin təmin olunması üçün “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında rayon ərazisində idman meydançalarının yaradılması və atıcılıq tirinin inşa olunması nəzərdə tutulmuşdur. Hesabat dövründə rayon İcra hakimiyyətinin cari işlərində dövlət qulluğu ilə bağlı son qanunvericilik aktlarının icrasının təmin olunması fəaliyyətimizin əsas istiqamətlərindən birini təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən daxil olan müraciətlərin sayı 165 ədəd az olmuşdur.
2014-cü ilin 9 ayında rayon İcra hakimiyyəti başçısı tərəfindən 481 vətəndaş qəbul edilmiş, onlardan 303 nəfəri rayon İcra hakimiyyətində, 178 nəfəri isə yerlərdə görüşlər zamanı səyyar qəbul edilmişlər.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alan 200 nəfərdən çox uşaqları yeni məktəbli formaları və 160 nəfər birinci sinif şagirdi məktəb ləvazimatları ilə təmin olunmuşdur.
Hesabat məruzəsindən sonra gündəlikdəki məsələ üzrə Qaz Emalı Zavodunun direktoru və 320 nömrəli tam orta məktəbin direktoru Namiq Cəfərov çıxış etdilər.
Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış edərək 2014-cü ilin cari dövr ərzində respublikamızın əldə etdiyi uğurlar haqqında danışdı.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilərək və yekdilliklə qəbul edildi.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətin qəbul edildi.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2014-cü il tarixində 580 saylı “Azərbaycan Respublikasında dövlət qulluqçularının təıtif edilməsi haqqında” Sərəncamına əsasən təltif olunan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edildi.
Hesabat yığıncağını yekun sözü ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirərək onu əmin etmişdir ki, rayonumuza səfərləri zamanı verdiyi tapşırıqlar, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələr layiqincə yerinə yetiriləcək və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcəkdir.