Ahıllara hər zaman xüsusi diqqət var.
1oktyabr – Ahıllar günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavini Təranə İsmayılova, aparatın şöbə müdirləri, ahıllar iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Ahıllar günü münasibəti ilə tədbir iştirakçılarını Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından təbrik edərək respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da ahıllara böyük hörmət və diqqət göstərildiyini qeyd etdi. Bildirdi ki, respublikamızda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirdi. Beynəlxalq Ahıllar gününün ölkəmizdə 1993-cü ildən qeyd olduğunu nəzərə çatdıraraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, 22 iyun 2001-ci il tarixində “Ahıllara sosial xidmət haqqında” Qanun imzaladığını vurğuladı. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ahıl hesab olunduğunu bildirdi. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması eləcə də, siğorta hissəsinin artırılması ilə bağlı imzaladığı mütəmadi Sərəncamlar dövlət qayğısının təcəssümüdür.
Öz növbəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova qeyd etdi ki, Qaradağ rayonunda yaşayan ahıllarımız, ağsaqqallarımız rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Bu gün ahıllarımız, ağsaqqallarımız gənc nəslin tərbiyəsində, onların hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar. Çünki, bizim ahıllarımız böyük həyat təcrübəsi keçiblər. İkinci Dünya Müharibəsinin ağrı-acılarını məşəqqətlərini çəkən ağsaqqallarımız, müharibə veteranları alman faşistlərinə qarşı fədakarlıqla mübarizə apararaq, vətənin müdafiəsinə qalxmış, əsil vətənpərvərlik nümayiş etdirmişlər. Zəhmətkeş ahıllarımız, əmək qəhrəmanlarımız da az olmamışdır.
Ahıllar adından çıxış edən Qaradağ rayon Ağsaqqlar Şurasının sədri Təhməz Abbasov onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə ahıllar adından təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Azərbaycanımızın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng dövlətləri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhəti gənclərə hələ çox lazımdır.
Yaşlı nəslə, xüsusən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 150 nəfər ahıla ərzaq yardımı edildi.