Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Yusif Əliyevin xatirəsi anıldı.

26 sentyabr 2014 | 10:00

26 sentyabr 2014-cü il tarixində Qaradağ rayonu, Qobustan qəsəbəsində Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin xatirəsinə həsr olunmuş xatirə gecəsi keçirildi.
Milli Qəhrəmanın adını daşıyan 195 nömrəli orta məktəbdə baş tutan tədbirdə rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov, Milli Qəhrəmanın ailə üzvləri, Respublika Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə, birliyin üzvləri və rayon ictimaiyyəti iştirak edirdi.
İlk öncə tədbir iştirakçıları Milli Qəhrəmanın 195 nömrəli orta məktəbdə ucalan büstü önünə tər güllər düzərək hörmət və ehtiramlarını bildirdilər.
Tədbirdə iştirak çıxış edən hər bir natiq tarix boyu Azərbaycanda dövlətçiliyimiz və torpaqlarımız azadlığı uğrunda döyüşən qəhrəman oğul və qızların yetişdiyini, neçə-neçə igid, cəsur övladlarının şəhidlik, qəhrəmanlıq zirvəsinə ucaldıqlarını, öz  soy-kökünə bağlı olaraq milli qeyrətlərini, şücaətlərini göstərdiklərini bildirdilər. Qeyd etdilər ki, məhz belə qəhramanlardan biri də Yusif Əliyevdir.
Yusif Əliyev 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən basqınlar edirdilər. Lakin 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına başa gəlir. Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Hər bir qəhrəman və qəhrəmanlıq nümunəsi fərdi olmasına baxmayaraq onların hər birini Vətən sevgisi birləşdirir. Bu gün hər bir qəhrəmanın ömur yolu Azərbaycan gənclərinə nümunədir.
Milli Qəhrəmanın ailə üzvləri də Milli Qəhrəman Yusif Əliyevin xatirəsinin əbədləşdirilməsinə görə göstərdiyi diqqət və qayğıya üçün xalqımızın ümummilli lideri Heydər Əliyevə dərin təşəkkürlərini bildirdilər. Dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını, milli qəhrəmanlarımıza, şəhidlərimizə göstərilən yüksək ehtiramı onların bir daha hədər yerə canlarından keçmədiklərinin göstəricisi kimi dəyərləndirdilər.
Qeyd etmək lazımdır ki, Qaradağ rayonundan  da torpaqlarımızın azadlığı uğrunda vuruşub şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız çox olmuşdur. Onlardan 7-si “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Rayon ərazisində hər bir Milli Qəhrəmanın adını daşıyan orta məktəb, büstü, memorial lövhələr mövcuddur. Bundan başqa rayonun Lökbatan qəsəbəsində “Şəhidlər abidə kompleksi” şəhidlərimizə dövlət tərəfindən verilən diqqətin bir hissəsidir.
Tədbir sonunda məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya göstərildi.

Keçidlər