Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Norm" sement zavodunun açılışında iştirak edib.
Prezident İlham Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən “Norm” sement zavodunun açılışında iştirak edib.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və sənayenin əsaslı şəkildə inkişaf etdirilməsi dövlətin böyük önəm verdiyi prioritet sahələrdən birinə çevrilib. Məhz buna görə də dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatı sürətlə artır, bütün sahələrdə yüksək tərəqqi müşahidə olunur. Son illər qeyri-neft sektorunu əhatə edən yeni istehsal sahələrinin yaradılması, mövcud müəssisələrin isə fəaliyyətinin genişləndirilməsi bu sahənin daha da inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Bakının Qaradağ rayonunda “Norm” sement zavodunun inşası Azərbaycanda son dövrlərdə iqtisadi əhəmiyyəti ilə seçilən müəssisələrin sayının xeyli artdığını aydın nümayiş etdirir. Zavod ümumilikdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və rəqabətqabiliyyətli məhsul istehsal etmək baxımından mühüm əhəmiyyətə malikdir.
Müəssisədə inşaat işlərini Çinin “CNBM” korporasiyasının “CTİEC” tikinti şirkəti həyata keçirib. Zavodun tikintisi ilə yanaşı, müəssisənin yerləşdiyi ərazidə əsaslı infrastruktur yaradılıb, üçmərtəbəli inzibati bina, yeməkxana və tibb məntəqəsi tikilib.
Bu istehsal müəssisəsinin ərazisindən Bakı-Salyan şosesinə birləşən 10 kilometr uzunluğunda asfalt yol inşa edilib, yeni elektrik, su və qaz xətləri çəkilib. Bundan başqa, seldən mühafizə bəndləri, həmçinin zavodun elektrik təchizatının etibarlı təminatı üçün yarımstansiyası inşa olunub.
Dövlət başçısı İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan edib. Belə müasir istehsal müəssisəsinin məhz bu il işə düşməsi “Sənaye ili” çərçivəsində qarşıya qoyulan məqsədlərə çatmaq baxımından müstəsna əhəmiyyətə malikdir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına müəssisədə görülən işlər barədə məlumat verdi.
Qeyd edildi ki, “Norm” sement zavodu nəinki Azərbaycan, ümumilikdə Cənubi Qafqazda sement istehsalı ilə məşğul olan ən böyük müəssisədir. Zavodun konsepsiyası işlənib hazırlanarkən onun uzun illər boyu məhsuldar və səmərəli istismarını təmin etmək məqsədilə müasir avadanlıq və texnologiyalardan istifadə edilib. Dünya miqyasında zəngin təcrübəyə malik mütəxəssislər və məsləhətçilərin iştirakı ilə bu sahədə ən son innovasiyalar araşdırılıb və mühəndis-layihələndirmə işləri nəticəsində zavodun iqtisadi səmərəliliyi təsdiqlənib.
Müəssisədə əsas istehsal nöqtələrində quraşdırılan kameralar vasitəsilə bütün prosesə mərkəzdən nəzarət olunur. İstehsal xətti boyu xüsusi avadanlığın tətbiqi və işıqlandırıcı cihazların örtüklə təmin edilməsi səs və işıq kimi təsirlərin qarşısının alınmasını təmin edir. Texnoloji avadanlığın soyudulması üçün istifadə edilən texniki su zavodda quraşdırılmış qurğularda təmizlənərək təkrar istifadə olunur ki, bu da suya qənaəti təmin edir. Bu müəssisənin işə düşməsi həm də yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda müəssisədə 350 nəfər çalışır. Daha 150 nəfər isə xammal yataqlarında və digər köməkçi sahələrdə işlə təmin olunub.
Zavodun inzibati binasında ulu öndər Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində hakimiyyəti dövründə Azərbaycanda istifadəyə verilən sənaye müəssisələrinin açılışlarında iştirakını, həmçinin dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətdən bəhs edən fotostendlər quraşdırılıb.
Bildirildi ki, zavodun laboratoriyaları ən yüksək standartlara cavab verir. Burada dünyanın tanınmış şirkətlərinin avadanlığı quraşdırılıb. Sement-beton laboratoriyasında yaradılan şərait xammalın və məhsulun keyfiyyətini araşdırmağa hərtərəfli imkan verir. Zavodda quraşdırılmış əsas texnoloji avadanlıq Avropanın bu sahədə ixtisaslaşmış və dünyada böyük nüfuza malik qabaqcıl şirkətlərinin istehsalıdır. Bu, yüksək keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Müəssisənin idarəetmə mərkəzində Prezident İlham Əliyevə ölkənin sement bazarındakı ümumi vəziyyət və zavod haqqında məlumat verildi.
Qeyd edildi ki, ötən il Azərbaycanda sement satışının həcmi 4,3 milyon ton təşkil edib ki, bunun da 40 faizi yerli istehsalçı olan “Holcim Azərbaycan”ın payına düşür. Tələbatın digər hissəsi isə idxal və klinkerdən istehsal edilən sement hesabına ödənilib. Proqnozlara görə, ölkədə sement istehsalı artmaqda davam edəcək və ilin sonunadək daxili tələbat tamamilə yerli istehsal hesabına ödəniləcəkdir. İllik gücü 2 milyon ton olan “Norm” zavodunun fəaliyyətə başlaması ilə yerli sement istehsalının həcmi 5,2 milyon tona çatacaqdır. “Norm” sement zavodunun istehsal gücü gündə 5 min ton klinker və ildə 2 milyon ton sement təşkil edir. Müəssisənin istehsal gücünü 4 milyon tona çatdırmağa imkan vardır. Zavodda neft sənayesi üçün Azərbaycanda indiyədək istehsal olunmayan və xaricdən idxal edilən “API” standartlarına uyğun quyu-tamponaj sementi də istehsal ediləcək. Hazırda zavodda üç çeşiddə sement istehsalı planlaşdırılır. Yaxın gələcəkdə isə məhsulun çeşidinin artırılması nəzərdə tutulur. Əsas xammal Qaradağda əldə edilir, qatqı materialları isə Şəmkir, Goranboy, Ağstafa və Tovuz rayonlarından gətirilir. Burada istehsal zamanı “quru üsul” texnologiyasından istifadə edilir. Sement istehsalında bu müasir texnologiyanın üstünlüyü ondan ibarətdir ki, məhsulun yüksək keyfiyyəti tam təmin edilir. Bu texnologiyanın tətbiqi sayəsində xammalın üyüdülməsində sudan istifadə edilmir və demək olar ki, istehsal prosesində iki dəfəyə yaxın az yanacaq istifadə olunur. Bu isə öz növbəsində məhsulun maya dəyərini aşağı salır. Bundan əlavə, bu üsul sobadan çıxan qazların və tozun həcminin kəskin azalmasını təmin edir ki, bu da öz növbəsində sobanın məhsuldarlığını artırır. Xammalın üyüdülməsi üçün zavodda qurutma və üyütmə məhsuldarlığı yüksək olan, enerjiyə maksimum qənaət edən dəyirman da quraşdırılıb. Zavoddakı texnoloji proseslər avtomatlaşdırılıb və insan müdaxiləsi demək olar ki, minimuma endirilib. Burada fiber-optik kabellər vasitəsilə bütün parametrlər üzrə məlumatlar idarəetmə mərkəzinə ötürülür. Müəssisədəki müasir avtomatlaşdırılmış idarəetmə sistemi sayəsində texnoloji proseslərə və fiziki-mexaniki sınaqlara nəzarət etməklə yanaşı, parametrlərin avtomatik tənzimlənməsinə, həmçinin qurğuların məsafədən idarə olunmasına imkan yaranır.
Prezident İlham Əliyev zavodu işə saldı.
Zavodun qabaqcıl avadanlıq və texnologiyalarla təchiz olunması onun yüksək məhsuldarlığını və istismar zamanı ekoloji standartlara cavab verməsini təmin edir. Zavodun yaradılması prosesində ətraf mühitin mühafizəsi məsələsinə xüsusi diqqət yetirilib. Bu məqsədlə müəssisənin istehsal xətti boyu müasir toz süzgəcləri quraşdırılıb. Bu avadanlıq qazın tərkibində tozun miqdarının az olmasını təmin edir ki, bu da dünyada qəbul olunan standartların tələblərinə cavab verir. Əsas toz mənbələrində havanın keyfiyyəti, həmçinin sobadan və xammal dəyirmanından atmosferə atılan qazların miqdarı isə xüsusi optik cihazlar vasitəsilə mütəmadi nəzarətdə saxlanılır.
Bildirildi ki, “Norm” şirkətinin beynəlxalq əlaqələri də genişdir. Şirkət Almaniya Sement İstehsalçıları Assosiasiyası ilə sıx əməkdaşlıq edir. Assosiasiya mütəxəssisləri tərəfindən zavodda texnoloji prosesin monitorinqi aparılır. Hazır məhsul və xammal nümunələri Assosiasiyanın Düsseldorfdakı laboratoriyasında mütəmadi sınaqdan keçirilir. Zavodda istehsal olunan bütün məhsullara Almaniya Sement İstehsalçıları Assosiasiyasının sertifikatı verilib. Bundan əlavə, “Norm” şirkəti Avropa Sement Tədqiqatları Akademiyasının həqiqi üzvüdür.
Beləliklə, qeyri-neft sektorunda həcminə görə ən iri layihələr sırasında olan və təxminən 350 milyon dollara başa gələn “Norm” sement zavodu Azərbaycan iqtisadiyyatının daha da qüdrətlənməsinə töhfəsini verəcəkdir.
Zavodun fəaliyyəti ilə tanışlıqdan sonra dövlətimizin başçısı kollektivlə görüşdü.
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
- Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz Bakıda, Qaradağ rayonunda yeni sement zavodunun açılışına toplaşmışıq. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm.
“Norm” sement zavodu ən müasir standartlara cavab verir. Bu zavodun fəaliyyətə başlaması sement istehsalında bütün hədəflərimizə çatmaq üçün bizə imkan yaradır. Çünki bizim əsas məqsədimiz ondan ibarət idi ki, bu sahədə idxaldan asılılığımızı aradan götürək və nəinki özümüzü tam şəkildə təmin edək, eyni zamanda, kifayət qədər böyük ixrac potensialının yaradılması da bizim hədəfimiz idi.
Zavodun inşasına 350 milyon dollar sərmayə qoyulmuşdur. Bu, son illər ərzində Azərbaycanda tikilən ən böyük sement zavodudur. Bu zavodun fəaliyyətə başlaması, eyni zamanda, 500 yeni iş yerinin yaradılmasına imkan verir. Əslində zavodun yaradılmasında Azərbaycanda iqtisadi sahədə və sənaye sahəsində bütün dövlət siyasəti öz əksini tapır. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycanda yerli istehsal genişlənsin, idxalı əvəzləyən istehsal yaradılsın. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Bildiyiniz kimi, bu il Azərbaycanda “Sənaye ili” elan edilib və sənaye istehsalının yaradılması, genişləndirilməsi bizim əsas məqsədimizdir.
Yəni, dövlət siyasətimizin bütün istiqamətləri bu zavodda demək olar ki, öz əksini tapıb. Çox şadam ki, hazırda Azərbaycanda bir neçə sement zavodu fəaliyyət göstərir. Yadımdadır, bir neçə il bundan əvvəl sadəcə olaraq, yalnız Qaradağ sement zavodu işləyirdi. O da ekoloji normalara uyğun deyildi. Orada böyük yenidənqurma işləri aparılmışdır və ötən dövrdə “Holcim” zavodunun fəaliyyətə başlamasını qeyd etmişik. Qazaxda, Naxçıvanda, Sumqayıtda sement zavodları vardır. Hazırda bu zavodun - ən böyük “Norm” zavodunun fəaliyyətə başlaması Azərbaycanda sement istehsalını 5 milyon tona çatdırır, bəlkə ondan da bir qədər çox. Tələbat isə 4,5 milyon tondur. Yəni, biz artıq fikirləşməliyik ki, ilk növbədə, daxili bazarımızı qoruyaq. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi təklifləri hazırlayır. Çünki artıq bu zavodun fəaliyyətə başlamasından sonra xaricdən sementin gətirilməsi məqsədəuyğun deyildir. Eyni zamanda, biz öz sementimizlə, ixrac məhsulumuzla yeni bazarlara çıxmalıyıq. Əslində bizim ixrac potensialımızın gücləndirilməsi artıq təmin edilir. Nəzərə alsaq ki, bu zavodda istehsalı artırmaq üçün imkanlar var, hesab edirəm, gələcəkdə yeni bazarlara çıxdıqca Azərbaycanın bütün sement zavodları öz fəaliyyətlərini genişləndirə bilər.
Zavodun tikintisində ən müasir avadanlıqdan istifadə edilib, Avropa istehsalı olan avadanlıq quraşdırılıbdır. Zavodun tikintisini isə baş podratçı kimi Çin şirkəti icra edib və bu da Azərbaycanın iqtisadi sahədə beynəlxalq əlaqələrinin güclü olduğunu göstərir. Bizim tərəfdaşlarımız arasında Avropa, Asiya şirkətləri yer tutur və bu gün Azərbaycanda fəaliyyət göstərmək, işləmək üçün bizə çoxlu müraciətlər daxil olur. Azərbaycanda son illərdə müşahidə olunan iqtisadi inkişaf, sənayeləşmə prosesi, geniş infrastruktur layihələrinin həyata keçirilməsi, əlbəttə ki, ölkəmizə beynəlxalq biznes qurumlarının diqqətini artırır. Eyni zamanda, bizim uğurlu inkişafımıza da böyük inam vardır. Çünki bu gün bizim həm maliyyə, həm iqtisadi vəziyyətimiz kifayət qədər möhkəmdir, sabitdir. Bizim iqtisadi siyasətimiz dəqiq proqram əsasında icra edilir. Hazırda üçüncü regional inkişaf proqramı icra edilir və bu proqram 2018-ci ilə qədər ölkəmizin əsas infrastruktur layihələrinin icrasına xidmət göstərəcəkdir.
Əlbəttə, bizim xarici tərəfdaşlarımız da bütün bu məlumatları əldə ediblər və bilirlər ki, Azərbaycanda həm dövlət investisiyaları, eyni zamanda, özəl investisiyalar böyük həcmdə qoyulur. Dövlət investisiyaları daha çox infrastruktur layihələrinə, sosial infrastruktur layihələrinə yönəldir və eyni zamanda, büdcədən özəl sektora kredit şəklində güzəştli şərtlərlə vəsait ayırır. Özəl sektor isə Azərbaycanın sürətli inkişafından istifadə edərək öz sərmayələrini bax, belə gözəl müəssisələrə yönəldir və beləliklə, Azərbaycanda dövlət və özəl tərəfdaşlıq ən yüksək səviyyədə təmin edilir. Son vaxtlar Azərbaycanda yaradılan sənaye müəssisələri, infrastruktur layihələrinin icrası, sənayeləşmə ilə bağlı atılan addımlar əminəm ki, gələcəkdə daha da gözəl nəticələrə gətirib çıxaracaqdır.
Bu gün biz ölkəmizdə gedən sənaye və iqtisadi prosesləri istiqamətləndiririk və burada əsas məsələ bu sahədə təhlükəsizliyi tam şəkildə təmin etməkdir. İlk növbədə enerji təhlükəsizliyidir ki, Azərbaycanda bu, artıq 100 faiz səviyyəsində təmin edilib və hətta biz başqa ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi veririk.
Azərbaycanda nəqliyyat təhlükəsizliyi təmin edilir və son vaxtlar icra edilən və icrada olan layihələr – Bakı-Tbilisi-Qars dəmir yolu, Gəmiqayırma zavodu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, digər layihələr nəqliyyat təhlükəsizliyimizi tam təmin edəcəkdir. Coğrafi vəziyyətimiz elədir ki, əgər biz müasir infrastrukturla bu coğrafi üstünlükləri zənginləşdirsək Azərbaycan ərazisindən böyük həcmdə yüklərin keçirilməsi mümkün olacaqdır.
Ərzaq təhlükəsizliyi təmin edilir. Biz yaxın zamanlarda özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin edəcəyik. Hazırda Azərbaycanda inşaat materiallarının istehsalı istiqamətində böyük işlər görülür. Sement sahəsində biz bunu artıq tam şəkildə təmin etmişik, böyük metallurgiya kompleksinin tikintisi artıq başlamışdır.
Qaradağ rayonunda və digər bölgələrdə bir çox sənaye müəssisələri fəaliyyət göstərir. Bir sözlə, özümüzü 100 faiz təmin etməliyik və xarici bazarlara keyfiyyətli məhsulla çıxırıq və çıxmalıyıq. Belə olan halda ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin ediləcək, iş yerlərinin yaradılması prosesi davam etdiriləcək və ölkəmizdə qeyri-neft sektoru daha da böyük paya malik olacaqdır. Hazırda ümumi daxili məhsulumuzda qeyri-neft sektoru 55 faiz təşkil edir. Baxmayaraq ki, biz indi böyük qaz layihələrini icra etməyə başlayırıq və əlavə böyük qaz hasilatı gözlənilir, əminəm, yaxın illərdə qeyri-neft sektorumuz ümumi iqtisadiyyatda daha da böyük paya malik olacaqdır.
Bu zavodun fəaliyyətə başlaması məni çox sevindirir. Çünki bir daha demək istəyirəm ki, mən burada dövlət siyasətimizin təzahürünü görürəm. O siyasət ki, bu gün Azərbaycanda böyük inkişafa səbəb olmuşdur. Ölkəmizin inamlı, uzunmüddətli dayanıqlı inkişafını təmin edən bizim siyasətimizdir - daxili siyasət, siyasi sahədə atılan addımlar, iqtisadi islahatlar. Təsadüfi deyil ki, dünyanın aparıcı maliyyə və iqtisadi qurumları Azərbaycanda iqtisadi sahədə görülən işlərə çox böyük qiymət verir. Rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 39-cu yerdədir. Belə zavodların işə düşməsi nəticəsində bizim yerimiz daha da yüksək olacaqdır. Mən sizi bu zavodun fəaliyyətə başlaması münasibətilə bir daha ürəkdən təbrik edirəm.
Sizə uğurlar arzulayıram. Sağ olun.
X X X
Sonra dövlətimizin başçısı müəssisənin tikinti işlərini aparan Çin şirkətinin nümayəndələri ilə söhbət etdi.
Şirkətin nümayəndəsi Sun JİANAN: Azərbaycan çox gözəl ölkədir.
Prezident İlham ƏLİYEV: Mən bu yaxınlarda Çində olmuşam, Prezidentlə görüşmüşəm. Çox yaxşı görüşümüz olubdur.
Çin-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Şadam ki, sizin şirkətiniz belə gözəl layihəni icra edib. Bu, hər halda Azərbaycanda birinci layihənizdir, elədirmi?
Sun JİANAN: Bəli, Azərbaycanda birincidir. Amma ümid edirik ki, gələcəkdə yenə layihələr olacaqdır.
Prezident İlham ƏLİYEV: Gələcəkdə mütləq yenə də layihələr olacaq.
Şirkətin nümayəndəsi Ma MİNQLANQ: Bu zavod çox yaxşı, keyfiyyətli sement istehsal edir.
Prezident İlham ƏLİYEV: Bu, nəinki Azərbaycanda, bütün bölgədə bir nömrəlidir. Çox yaxşı, sizə uğurlar. Sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.