Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ilin birinci yarısının rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi.
14 iyul 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ilin birinci yarısının rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 iyul 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin Ağalar Vəliyev və Mixael Zabelin, rayon İcra hakimiyyəti başçısının yanında Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Yığıncaqdan öncə tədbirdə iştirak edən qonaqlar ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 iyul 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr barədə rayon İcra hakimiyyəti başçısı Süleyman Mikayılovun məruzəsi dinlənildi.
Məruzədə qeyd olundu ki, 2014-cü ilin altı ayında Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksək templə davam etmişdir. Qazanılan hər bir nailiyyət dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub.
Ötən altı ayın yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 309 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,6 milyon manat olmuşdur. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 124,3 milyon manat investisiyadan istifadə edilmişdir. İstifadə olunmuş vəsaitin 65,8 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 304,9 min ton xam neft və 563,4 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 1 milyon ton sement istehsal edilmişdir. Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,1 milyon manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi 1,2 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 46,3 milyon manat olmuşdur.
Ələt qəsəbəsində Beynəlxalq Dəniz Limanının inşası uğurla davam etdirilmişdir. Puta qəsəbəsində Metanol zavodunun tikintisi də başa çatmışdır. Zavod nəinki respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən biri sayılır.
Rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması üçün 3850 hektar yer ayrılmışdır. Bu kompleksdə təqribən 2000 nəfər işlə təmin olunacaqdır. Bu ərazidə yeni yaşayış massivləri salınacaq, parklar, otellər, idman meydançaları, mədəni istirahət yerləri və digər yeni sosial obyektlər inşa ediləcək, əhalinin yaşayışı üçün yüksək səviyyəli müasir standartlara uyğun şərait yaradılacaqdır.
Əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində xeyli işlər görülmüşdür.
Belə ki, ötən altı ayda rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 4 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, 104 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılmış, 57,4 min metr müxtəlif kabel və hava xətləri çəkilmişdir.
Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin etmək məqsədi ilə müxtəlif diametrli 16,4 min p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilmişdir.
Ötən qış mövsümündə rayon üzrə 10 saylı istilik sahəsi tərəfindən 95 bina, 10 orta məktəb, 4 uşaq bağçası və 3 səhiyyə obyekti istiliklə təmin olunmuşdur.
Hesabat dövründə əhalinin içməli su təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün bir sıra işlər görülmüşdür.
Belə ki, ötən dövr ərzində Qaradağ Su kanal İdarəsi tərəfindən 7 min 590 p/m müxtəlif diametrli su xətti dəyişdirilmişdir. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən bu istiqamətdə işlər davam etdirilir.
Qaradağ rayonunun Qurd qapısı tərəfindən olan girəcəyi və Bakı-Astara (Qazax) magistral avtomobil yolunun Lökbatan, Puta, Sahil və Səngəçal qəsəbələrinin inzibati ərazisindən keçən hissəsində 3 hektar ərazinin abadlaşdırılması işləri başa çatdırılmışdır. Ümumilikdə ötən cari dövr ərzində rayon ərazisində 30,1 min kv.metr sahədə yaşıllıq işləri aparılmış, 10 mindən artıq ağac və bəzək kolları əkilmişdir.
Rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə ötən yarım il ərzində 31 min kv.m. asfalt döşənmişdir. Eyni zamanda yararsız vəziyyətdə olan küçələrə 550-ə yaxın maşın və ya 10 min kub.metrə qədər çınqıl və daş qırıntıları tökülərək yayılmış, 6224 p/metr beton bardür qoyulmuş, 2200 p/m səki mişar daşı ilə hörülmüşdür.
Bu işlərin davamı olaraq Qobustan qəsəbəsində yerüstü keçid inşa edilmişdir. Hazırda istifadəyə verilməsi üçün son tamamlama işləri aparılır.
Uzun illərdir dam örtükləri yararsız vəziyyətdə olan binalarda 25,7 min kv.m. dam örtüyü yenidən vurulmuşdur. Hazırda rayonun qəsəbələrində bu işlər davam etdirilir.
Qaradağ rayonunda ekoloji sabitliyin qorunması, ətrafda olan göllərin qurudulması müvafiq Dövlət Proqramı əsasında həyata keçirilməkdədir.
Belə ki, Lökbatan qəsəbəsinin inzibati ərazisində yer ayrılmış və “Hidrolotos” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təmizləyici gücü sutkada 200 min kub.metr olan qurğunun tikinti işləri davam etdirilməkdədir.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Lökbatan, Korgöz, Qızıldaş, Ümid, Qobustan, Ələt qəsəbələrində və Korgöz qəsəbəsinin AZNS, Ümid qəsəbəsinin yeni yaşayış massivi və Sahil qəsəbəsinin Sement zavodu evləri ərazisində sel sularının qarşısının alınması məqsədi ilə kanalların çəkilməsi nəzərdə tutulmuşdur.
Bundan əlavə baş verə biləcək fövqəladə halların qarşısının alınması zamanı operativ tədbirlərin həyata keçirilməsi məqsədi ilə Səngəçal qəsəbəsində yanğına qarşı yeni su hovuzunun tikintisi, Lökbatan, Sahil və Qobustan qəsəbələrinin ərazisində mövcud olan yanğına qarşı su hovuzunun təmiri, Qaradağ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölməsinin tikintisi də Tədbirlər Planına salınmışdır.
Artıq Sahil, Səngəçal və Müşfiqabad qəsəbəslərində Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələrinin açılışı olmuşdur. Çeyildağ və Ələt qəsəbələrində isə son tamamlama işləri aparılır.,
Qaradağ rayonu ərazisində ötən altı ay ərzində təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə də bir çox işlər görülmüşdür.
Belə ki, Dövlət Proqramına əsasən təhsil sahəsi üzrə “Aynur”, “Sevinc”, “Bülbül”, “Nağıl” və 300 nömrəli körpələr-evi uşaq bağçalarında əsaslı təmir işləri başa çatmış və istifadəyə verilmişdir. 326 körpələr-evi bağçası üçün 120 yerlik və 7 nömrəli Bakı Peşə məktəbi üçün yeni binaların inşası, 274 nömrəli məktəb üçün 20 əlavə sinif otağından ibarət yeni korpusun tikintisi, B.Əliyev adına uşaq bağçasının əsaslı təmiri başa çatmış və istifadəyə hazır vəziyyətdədir. D.Bəkirov adına uşaq bağçasının avadanlıqlarla təchizat işləri aparılır. Hazırda 301 saylı və V.Əsədov adına körpələr evi-uşaq bağçalarının əsaslı təmiri davam etdirilir. Ümid qəsəbəsindəki 294 nömrəli məktəb üçün əlavə tədris korpusunun tikintisi davam etdirilir. Qobustan qəsəbəsindəki “Şəngülüm” körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri davam edir.
Hesabat dövründə rayonda səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün də müəyyən işlər görülmüşdür.
Belə ki, rayon ərazisində sakinlərə pulsuz tibbi xidmətin təşkili bütövlükdə təmin edilmişdir. Səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması problemləri ardıcıllıqla öz həllini tapmaqdadır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi respublikamızın bütün bölgələrində olduğu kimi Qaradağ rayonunda da 18 yaşından yuxarı əhalinin dispanserizasiyası və tibbi müayinədən keçirilməsi tədbirləri uğurla başa çatdırılmışdır. Belə ki, Qaradağ Rayon İcra hakimiyyətinin 14 fevral 2014-cü il tarixli 14 nömrəli sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmışdır. Qeyd olunan müddət ərzində 21670 nəfər əhalinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulsa da ümumilikdə 32000 nəfərə yaxın əhalinin tibbi müayinədən keçirilməsi təmin olunmuşdur.
Qobustan qəsəbəsində 17 saylı Birləşmiş Şəhər Xəstəxanası üçün müasit tipli yeni binanın inşası tam sürətli davam etməkdədir.
Hesabat dövründə sakinlərin asudə vaxtının təşkili istiqamətində də xeyli işlər görülmüşdür. Rayonun mədəni maarif müəssisələri tərəfindən müxtəlif maraqlı tədbirlər həyata keçirilmişdir. Rayonun musiqi məktəbləri və mədəniyyət işçilərinin, yaradıcı kollektivlərinin Novruz bayramı, Gül bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar rayon tədbirində Azərbaycan mədəniyyətini tərənnüm edən mahnı, rəqs və xalq oyunları ilə əhatə olunmuş geniş proqramla iştirakı təmin edilmişdir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın mədəniyyət sahəsi üzrə 26 may 2014-cü il tarixində Müşfiqabad qəsəbəsində mədəniyyət evinin əsaslı təmirdən sonra açılışı olmuşdur. Eyni zamanda Lökbatan qəsəbəsindəki 9 nömrəli musiqi məktəbi üçün yeni binanın inşası sona çatmış və istifadəyə tam hazır vəziyyətdədir. Hazırda “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Qızıldaş mədəniyyət mərkəzinin tikintisi davam etdirilir.
Hesabat dövründə Dövlət gənclər siyasətinin layiqincə həyata keçirilməsi, yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi və müasir tələblərə uyğun qurulması məsələləri də İcra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli, 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Tədbirlər Planına uyğun olaraq Sahil qəsəbəsində “Gənclər” evinin tikintisi başa çatmış, Ələt, Puta və Səngəçal qəsəbələrində mini futbol meydançalarının və idman zallarının tikintisi, Qobustan qəsəbəsində isə idman zalının tikintisi davam etdirilir. Belə ki, rayonumuzun bir çox qəsəbələrində idmanın kütləviliyinin təmin olunması üçün “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında rayon ərazisində idman meydançalarının yaradılması və Lökbatan qəsəbəsində atıcılıq tirinin inşa olunması nəzərdə tutulmuşdur.
Hesabat dövründə rayon İcra hakimiyyəti başçısı aparatına vətəndaşlardan 400 ədəd yazılı müraciət daxil olmuşdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 129 müraciət az olmuşdur.
Hesabat məruzəsindən sonra gündəlikdəki məsələ üzrə Qaradağ Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Əli Əliyev, “Norm” MMC-nin kommersiya direktoru Fuad Musayev çıxış etdilər.
Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış edərək 2014-cü ilin birinci yarısında respublikamızın əldə etdiyi uğurlar haqqında danışdı.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilərək və yekdilliklə qəbul edildi.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətin qəbul edildi.
Hesabat yığıncağını yekun sözü ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirərək onu əmin etmişdir ki, rayonumuza səfərləri zamanı verdiyi tapşırıqlar, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələr layiqincə yerinə yetiriləcək və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcəkdir.