Şriftin ölçüsü :

Saytın rəngi :

“1969-cu il 14 iyul-Azərbaycanda Milli intibahın başlanğıc tarixidir” mövzusunda konfrans keçirildi.

12 iyul 2014 | 10:00

12 iyul 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “1969-cu il 14 iyul-Azərbaycanda Milli intibahın başlanğıc tarixidir” mövzusunda konfrans keçirildi.
İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov, Milli Məclisin üzvləri Hadı Rəcəbli, Şəmsəddin Hacıyev və Mixail Zabelin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov digər qonaqlar və rayon ictimaiyyəti iştirak edirdi.
Tədbirdə ilk öncə ulu öndərin keçdiyi zəngin həyatını əks etdirən qısametrajlı film nümayiş olundu.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, 1969-cı ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dövrdə istər kənd təsərrüfatının, istər sənaye məhsulu istehsalı baxımından müqayisəli şəkildə baxdıqda, Azərbaycanın inkişaf etmədiyini görürük. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu. Hakimiyyəti illərində həyata keçirdiyi daxili siyasət sayəsində Azərbaycanda milli özünüdərk, milli özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı. Dahi rəhbərimizin başladığı siyasət milli ordunun quruculuğu istiqamətində, iqtisadi-sosial həyatda atılan addımlar bizim üçün çox əhəmiyyətli bir rol oynamaqdadır. Ümummilli lider Heydər Əliyev böyük bir yolun başlanğıcını qoyubdur. 1993-cü ildən Azərbaycanın rəhbəri olduğu dövrdə başladığı müstəqil Azərbaycanın quruculuğu işlərini davamlı olaraq həyata keçirmişdir və müstəqil dövlətin qurucusu, yaradıcısı kimi Azərbaycan tarixində ümummilli lider səviyyəsində özünə yer tutmuşdur. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikri bu gün həqiqətə çevrilməkdədir.
Öz növbəsində Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov Ümummilli Liderin hakimiyyətə gəlişini Azərbaycanın yenidən dünyaya gəlməsi kimi qiymətləndirdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı bütün dünyada tanıtdı. Dünya dövlətləri Azərbaycanla əməkdaşlığa can atıb, ölkəmizlə dostluğa, qardaşlığa söykənən əlaqələr qurdu və bu özünü bu gün də göstərir. Bütün bunlar Heydər Əliyevin rəhbərliyi nəticəsində reallaşdı. Ulu Öndər Heydər Əliyev elə bir proqram hazırladı ki, bu proqram Azərbaycanın uzunmüddətli inkişaf proqramı oldu.  Biz bu gün də, ümummilli liderin proqramına əsasən inkişaf edirik. Cənab Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir və bu siyasi kursa əsasən ölkəmiz yüksək səviyyədə inkişaf edir.
Milli Məclisin üzvü Hadı Rəcəbli Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələrin yüksək sürətlə inkişaf etməyə başladığını bildirdi. Qeyd etdi ki, Heydər Əliyev xalqın içindən çıxdığı üçün xalqın potensialını çox gözəl bilirdi. Ümummilli Liderin idarəçilik, liderlik qabiliyyəti çox yüksək səviyyədə idi. Ulu Öndər Heydər Əliyev insanlarla gözəl ünsiyyət yarada bilirdi, onların problemlərini dinləyir və problemlərin aradan qaldırılmasının yollarını axtarıb tapırdı. Xalqın Heydər Əliyevə inamı sonsuz idi. Heydər Əliyev hakimiyyətə gəldiyi gündən etibarən bütün sahələri paralel sürətdə inkişaf etdirdi. İqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində yüksək uğurlar və nəticələr əldə olundu. Əhalinin əməkhaqları artırıldı, insanlar daha rahat yaşamağa başladı. Qısa bir dövrdə dahi öndər Heydər Əliyev Azərbaycanı elə bir yüksək səviyyəyə çatdırdı ki, Onun gördüyü işlərin xalqı, vətəni üçün həqiqətən də, nə qədər dəyərli olduğunu sübut etdi. Yaşından, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin ulu öndərə göstərdiyi təmənnasız məhəbbət onun gördüyü işlərin müqabilində minnətdarlıq hissinin ifadəsidir.
Digər natiqlərdə Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun öz başlanğıcını əslində, 1969-cu ildən – məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə götürdüyü fikrini səsləndirdilər. Qeyd etdilər ki, Ulu öndərin hakimiyyətə gəlişindən sonra sənayedə, kənd təsərrüfatında, mədəniyyət sahəsində, incəsənət, kino, teatr, rəssamlıq və digər sahələrdə də intibah dövrü başlandı. Bu, əlbəttə, ulu öndərin şəxsiyyəti, fəaliyyəti, işgüzarlığı, dərin məntiqi, yüksək qabiliyyəti, intellektual səviyyəsi ilə bağlı idi. Azərbaycan ulu öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində öncül yerə keçdi. Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu birinci dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratdı. Bu isə sovet dövrü üçün çox böyük bir hadisə idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə gücləndirildi. Məhz həmin illər ərzində Azərbaycanda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan neçə-neçə binalar tikilib istifadəyə verilmişdir. Ulu öndərin hakimiyyəti illərində Azərbaycanda müşahidə olunan inkişaf, yüksəliş, tərəqqi bu gün də Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Keçidlər