Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda səhiyyə işçilərinin peşə bayramı qeyd olundu

20 iyun 2014 | 10:00

İyunun 19-də Qaradağ Rayon İcra Hakimiyyətində səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, rayonun səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov bütün səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik etdi, onlara ən xoş arzularını bildirdi və şərəfli işlərində uğurlar arzuladı. Bildirdi ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Dövlət başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondu diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.
Tibb işçiləri adından onlara göstərilən hərtərəfli diqqət və qayğı üçün ölkə başçısına minnətdarlığını bildirən 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Aydın Əhmədov ölkəmizdə yenidən qurulan tibb ocaqlarının siyahısında rayonumuzda yer aldığını sevindirici olduğu söylədi. Qeyd etdi ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Qaradağ rayonunda 6 səhiyyə ocağı əsaslı təmir olunaraq ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur ki, bu da əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini dəfələrlə artırmışdır.
Tədbirin sonunda Qaradağ rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tərəfindən rayonun bir neçə səhiyyə işçisinə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.
Qeyd etmək istərdik ki, səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə dövlətimizin başçısı cənab İlham Əliyevin iyunun 16-da imzaladığı Sərəncamla sağlamlığımızın keşiyində dayanan bir qrup səhiyyə işçisi fəxri adlara layiq görüldü.
Qaradağ rayonunda yerləşən 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elmira Rzayeva Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görüldü.

 

Keçidlər