Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Səngəçal neft terminalında olmuşlar.

15 iyun 2014 | 10:00

Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun rəhbərlik etdiyi nümayəndə heyəti Xəzər regionunda bənzərsizliyi ilə seçilən Xəzər Enerji Mərkəzi ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən bu Mərkəz ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir. Mərkəz 2005-ci ildə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Gürcüstan və Qazaxıstandan olan yüksək səviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açılmışdır. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf etmişdir. Burada qonaqlar rəmzi nişan kimi öz əl izlərini qoymuş və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilmişdir.
Qonaqlara respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Mərkəzin əsas məqsədlərindən biri Azərbaycanın neft və qaz sənayesinin 150 illik tarixini nümayiş etdirməkdir. Neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur mənbəyidir. Dünyada ilk dəfə mexaniki üsulla neft quyusu 1847-ci ildə Bibiheybət ərazisində qazılmışdır. XIX əsrə qədər dünyada hasil edilən neftin yarısı ölkəmizin payına düşmüşdür. XIX əsrin ikinci yarısında xarici ölkələrin iş adamları Azərbaycanda biznes fəaliyyətinə başlamışlar.
Bunlara bütün dünyada tanınan Rotşildlər və Nobel qardaşlarını misal göstərmək olar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılmışdır. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında neftin 75 faizini hasil edən Azərbaycan ordunu yanacaqla təchiz edərək, Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynamışdır.
Ötən əsrin 70-80-ci illəri isə Xəzər dənizinin dərin sulu sektorlarındakı yataqların işlənməsi və neft-kimya sənayesinin inkişafı ilə səciyyəvidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə nəhəng “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi məqsədilə “Əsrin müqaviləsi” kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə imzalandı. Bu müqavilə ölkənin sürətli inkişafına təkan verərək, onu regional enerji mərkəzinə çevirdi.
Qonaqlar müxtəlif yataqlardan hasil edilən neft nümunələrinə də baxdılar.
Sonra “Şahdəniz” və “Cənub qaz dəhlizi” layihələrindən bəhs edən videoçarx nümayiş etdirildi.
Prezident İlham Əliyevə və Avropa Komissiyasının sədri Joze Manuel Barrozuya xatirə hədiyyələri təqdim olundu.
Terminalın ərazisində gəzinti zamanı bildirildi ki, Səngəçal terminalı haqlı olaraq Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. O, Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi neft və qaz terminalıdır. “Azəri-Çıraq-Günəşli” yatağından ötürülən neft və “Şahdəniz”dən nəql edilən qaz terminala daxil olur, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac edilir. Dünyanın ən böyük və səmərəli neft və qaz terminallarından sayılan Səngəçal terminalının sahəsi 550 hektardan çoxdur. Terminalda gündə 1,2 milyon barreldən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz emal edilə bilir. Onun xam neft saxlama həcmi 3,2 milyon barrel təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunmuşdur. Dənizdəki qurğulardan terminala daxil olan boru kəmərləri müxtəlif marşrutlara istiqamətlənməklə Azərbaycanın yüksək keyfiyyətli xam neftini və qazını dünya bazarlarına nəql edir.
Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistan neftini də qəbul edir. “İlkin Neft Layihəsi” və “Səngəçal Terminalının Genişləndirilməsi Proqramı” nəticəsində terminalda hər birinin həcmi 25.500 kubmetr olan və ildə 6 milyon tondan çox xam nefti emal etmək, saxlamaq və ixrac etmək iqtidarında olan 4 xam neft saxlama çəni yerləşir. Terminaldakı idarəetmə mərkəzi Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən ixrac boru kəmərlərinin fəaliyyətini hərtərəfli nəzarətdə saxlaya, problemləri aşkara çıxara bilir. Bundan başqa, Səngəçal terminalı “Şahdəniz” qaz qurğusundan gündə 40 milyon kubmetrdən artıq “mavi yanacaq” qəbul edə bilir. Mövcud “Şahdəniz” qurğusunun arxasında isə gələcək genişləndirilmə sahəsinin ərazisi yerləşir. “Şahdəniz”in ikinci mərhələsi çərçivəsində Səngəçal terminalında əsas genişləndirmə işləri aparılacaqdır. Bu, terminalın ümumi qaz emalı həcminin üç misli qədər, yəni, ildə əlavə 16 milyard kubmetr qaz emal etməsinə imkan verəcək və nəhəng kompleksin Azərbaycanın neft-qaz sənayesi üçün əhəmiyyətini daha da artıracaqdır.
Terminalın işçi heyətində milli kadrların daha geniş təmsil olunmaları ilə bağlı da ardıcıl iş aparılır. Artıq “İlkin Neft Layihəsi”ndə çalışanların hamısı azərbaycanlı kadrlardır.
Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirir.
Qonaqlar terminalla tanışlıqdan xoş təəssüratla ayrıldılar.

 

 

 

 

 

 

Keçidlər