Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolunun açılışında iştirak etmişdir

29 may 2014 | 10:00

Prezident İlham Əliyev Neftçala rayonuna səfərini başa çatdırdıqdan sonra əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısının göstərişi ilə Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə layihələr ardıcıl olaraq həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulması, qəsəbələrarası və qəsəbədaxili yolların yüksək standartlara uyğun şəkildə təmiri və bərpası, eləcə də müasir tələblərə uyğun yeni yolların salınması davamlı şəkildə icra olunur. Ətraf qəsəbələrdə yolların ən müasir səviyyədə inşası, yol ötürücülərinin, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi nəqliyyatın gediş-gəlişini asanlaşdırmaqla əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Tağıyev-Sahil avtomobil yolunun bərpası layihəsi də Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı baxımından olduqca əhəmiyyətlidir.
Nəqliyyat naziri Ziya Məmmədov Tağıyev-Sahil avtomobil yolunun bərpası layihəsi əsasında görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Qeyd edildi ki, ümumi uzunluğu 42 kilometrə yaxın olan yolun tikinti-quraşdırma işləri Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında bağlanmış Saziş çərçivəsində maliyyələşdirilmişdir.
Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, eni 15 metr olan yolun uzunluğu qovşaqlar da daxil olmaqla 48 kilometrdir. Avtomobil yolunun bərpasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmuşdur. Layihəyə uyğun olaraq 11 yeni körpünün, 45 suötürücünün və 4 keçidin inşası başa çatdırılmışdır.
Dövlətimizin başçısı Tağıyev-Sahil avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti yenidən qurulmuş yolda avtomobili idarə etdi.

Keçidlər