28 May - Respublika gününə həsr olunmuş tədbir keçirildi.
27 may 2014-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 28 May - Respublika gününə həsr olunmuş tədbir keçirildi.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Musa Quluzadə, həmin akademiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova ilk öncə hər kəsi rayon rəhbərliyi adından Respublika Günü münasibəti ilə ürəkdən etdi. XX əsrin tarixə təkcə elm və texnika əsri kimi deyil, həm də milli dirçəliş, müstəmləkə imperiyalarının dağılması, milli dövlətlərin yaranması əsri kimi düşdüyü qeyd edərək Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Xalq Cümhuriyyətinin Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu bildirdi. Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qısa ömrundə böyuk nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. Təəssüflər olsun ki, Müstəqil Azərbycan Xalq Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvvəqəti olaraq devrildi. Tarix göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının fəaliyyətində böyük çətinliklər var idi. Müstəqilliyimizin ilk illərində ölkəmiz faktiki olaraq müstəqil dövlət kimi fəaliyyət göstərə bilmirdi. Azərbaycan xalqının müdrikliyi sayəsində ulu öndər Heydər Əliyevin rəhbərliyə gəlməsi nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və 1993-cü ildən başlayaraq öz inkişaf dövrünü yaşamağa başladı.
Daha sonra çıxış edən natiqlər o dövrdə qazanılan müstəqilliyin tarixi əhəmiyyətindən danışdılar. Bildirildi ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil olmuşdur. İlk dəfə qadınlara seçim hüququ verilmiş və qadın - kişi bərabərliyi təmin edilmişdir. Milli ordu, milli pul, milli bank yaradılmış, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması reallaşmışdı. Azərbaycanın bütövlüyünü təmin etmək və iqtisadi islahatların həyata keçirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Lakin qazanılan bu uğurlar uzun çəkmədi. XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görmüş, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etmişdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoymuşdur.