Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Qaradağda FHN-nin bir sıra yeni obyektinin açılışı oldu.
9 may 2014-cü il tarixində Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qaradağ rayonu ərazisindəki bir sıra obyektinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları FHN-nin Aviasiya Dəstəsinin yeni qərargahının ərazisində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymuş, xalqımızın Ümummili Liderinin əziz xatirəsinə ehtiramlarını ifadə etmişlər.
Nazir Kəmaləddin Heydərov FHN-nin Aviasiya Dəstəsinin yeni qərargahının açılışını bildirən rəmzi qırmızı lenti kəsmiş, burada Ulu Öndər Heydər Əliyevin fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stendlə, texniki və aerodinamika sinif otaqları, habelə aviaparkla tanış olmuşdur.
Sonra, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov FHN-nin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarəsinin Səngəçaldakı yeni inzibati binası və elevatorunun açılışında iştirak etmişlər. Nazirlər binanın açılışını bildirən rəmzi qırmızı lenti kəsmiş, binadakı şəraitlə tanış olmuşlar. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ən yüksək standartlara cavab verən idarəetmə məntəqəsində də olmuş, müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.
Həmin gün, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin yeni inzibati binası və idman zalının da açılışını etmişdir. Nazir burada yaradılmış şəraitlə tanış olmuş, xilasedicilər və kinoloqların təlimlərini izləmişdir. Partlayıcılar və əl qumbaralarının zərərsizləşdirilməsində istifadə olunacaq robotların təqdimatı da olmuşdur.
Sonra, FHN Dövlət Yanğından Mühafizə Xidməti Qaradağ rayon Hissəsinin Səngəçal qəsəbəsindəki 14 və 15 saylı bölmələrinin də açılışı olmuşdur. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binaların açılışını bildirən rəmzi qırmızı lentləri kəsmiş, burada təşkil olunmuş və Ulu Öndər Heydər Əliyevin fotoşəkilləri olan stendlər, dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olmuşdur. Nazir, həmçinin şəxsi heyətlə də görüşmüş, müvafiq tapşırıq və tövsiyyələrini vermişdir. Qeyd olunmuşdur ki, bu bölmələrin istifadəyə verilməsi ilə Qaradağ rayonunda FHN Dövlət Yanğından Mühafizə Xidməti bölmələrinin sayı 6-ya çatmışdır.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu ərazidə istifadəyə verilmiş yeni yaşayış binasında nazirliyin strukturlarının əməkdaşlarına yeni mənzillərin açarlarını da təqdim etmişdir.