Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 91 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi.
26 aprel 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 91 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Yap Mərkəzi aparatının məsul işçisi Xatirə Əliyeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov və digər qonaqlar iştirak edirdilər.
Giriş nitqi ilə tədbiri açıq elan edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova yaradıcı əməyi və böyük xidmətləri ilə Azərbaycan elminin və səhiyyəsinin tarixində silinməz izlər qoyan görkəmli alim, akademik Zərifə xanım Əliyevanın həyatına geniş nəzər saldı. Akademik Zərifə xanım Əliyevanın alim, həkim, pedaqoq və insan kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolunu gələcək nəsillər üçün mənəviyyat məktəbi kimi səciyyələndirdi.
Daha sonra çıxış edən qonaqlar oftalmoloq alimin zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışdılar. Qeyd edildi ki, Zərifə xanım Əliyevanın peşəkar həkim olmaqla yanaşı, həm də ictimai xadim, Vətəninə, ailəsinə bağlı bir ziyalı, xeyirxah əməllər sahibi kimi də yaddaşlarda qalmış, ziyalı qadın adını ən yüksək mərtəbəyə qaldıran unudulmaz şəxsiyyətlərdən olmuşdur.
Onun həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olduğu xüsusi ilə vurğulanmışdır.