“Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirildi.
25 aprel 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirildi.
Müşavirəni Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elnur Qurbanov aparırdı.
Müşavirədə Bakı Regional Mərkəzinin rəis müavini tibb xidməti polkovniki Cəfər Məmmədov “Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti” mövzusunda çıxış etdi.
Sonra Bakı Regional Mərkəzinin əməkdaşı Anar İbrahimov, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı Mənsur Piriyev, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Maqsud Heydərov, 15 saylı Köməkçi Yardımçı Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyasının həkimi Asif İbrahimov, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Mürvət Abduləzizov, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəis əvəzi Qurbanəli Bayramov çıxış etdilər.
Çıxış edən natiqlər Qaradağ Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi rayonun aidiyyəti təşkilatları ilə birgə su hövzələrində rayon əhalisinin təhlükəsizliyinin təmin olunması üçün müvafiq məqsədyönlü işlərin görməsindən, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi məsələsinin birinci və əsas faktor olduğundan danışmışlar.
Qeyd edilmişdir ki, dəniz kənarlarında istirahət və idman edən vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün Dövlət Sularda Xilasetmə Xidmətinin əvvəlki illərdəki fəaliyyəti təqdirəlayiq hesab edilir və təbii ki, bu ildə bu istiqamətdə onlar öz işlərini müvəffəqiyyətlə quracaqlar.
Rayon ərazisində olan çimərliklərdə problemlərin müəyyən olunması və onların aradan qaldırılması məqsədi ilə rayonun aidiyyəti təşkilatları mütəmadi monitorinqlər keçirilmişdir. Artıq bir neçə ildir Şıx çimərliyində suların çirkli olması və bu çimərlikdən istifadəyə qadağan qoyulmuş, lakin insanların qadağaya baxmayaraq yay aylarında bu sahilə üz tutduqları qeyd olunmuşdur.
Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədi ilə çimərlik sahələrində müvafiq işlərin görülməsi, çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi və çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti daim nəzarətdə saxlanılması bir daha vurğulanmışdır.