Gənclər hərbi xidmətə yola salındı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 mart 2014-cü il tarixində imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına əsasən Qaradağ rayonunda gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi. Tədbirdə rayon İcra hakimiyyətinin rəsmiləri, valideynlər və gənc çağırışçılar iştirak edirdilər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsində baş tutan tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Samir İsayev çıxış edərək, hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırdı. Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra ordu quruculuğunda böyük dəyişikliklər baş verdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə ciddi qayğısı sayəsində Milli Ordumuzun regionun ən güclü, qüdrətli ordusuna çevrildiyini vurğuladı.
Ardınca Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsi rəisinin vəzifəsini icra edən Novruz Rəhimov gənclərin hərbi xidmətə böyük həvəslə getmələrini ordu quruculuğundakı uğurların nəticəsi kimi qiymətləndirdi.
Daha Sonra hərbi xidmətə yola düşən gənclərin valideynləri çıxış edərək, övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını söylədilər və onlara vətənin layiqli əsgəri olmağı tövsiyyə etdilər.
Hərbi xidmətə yola düşən gənc çağırışçılarda vətənə sədaqətlə xidmət edəcəklərini bildirdilər.