Tənha və əlillərə bayram sovqatı paylanıldı.
18 mart 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti, Qızıl Aypara Cəmiyyəti və “12 May” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qaradağ” şadlıq evində rayon ərazisində yaşayan tənha və əlillər üçün bayram tədbiri keçirildi.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov ilk öncə hər kəsi xalqımız ən gözəl bayramı olan Novruz bayramı münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov adından səmimi qəlbdən təbrik etdi. Ulu öndərimiz Heydər Əliyevin apardığı uğurlu siyasəti diqqətə çatdıran natiq demişdir ki, bu müdrik siyasət nəticəsində Novruz bayramı öz qədim tarixi ənənəsinə qovuşmuş, onun əhatə dairəsi xeyli genişlənmişdir.
Bildirilmişdir ki, Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Ümummilli Liderin yaratdığı bu ənənəni yeni müstəvidə daha da genişləndirir, Novruz bayramına yeni-yeni məna çalarları bəxş edirlər. Bu diqqət və qayğının nəticəsidir ki, Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.
Daha sonra çıxış edənlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezindeti Ramazan Süleymanov və "12 MAY" İctimai Birliyinin icraçı direktoru Bəhruz Nəzərov Novruz bayramının özündə xeyirxahlıq, mehribanlıq, yardımlaşma kimi gözəl hissləri birləşdirdiyini qeyd etdilər. Keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq bunun bir daha tənha və əlil vətəndaşlarımıza dövlət və cəmiyyət tərəfindən göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğuladılar.
Tədbirin sonunda rayon ərazisində yaşayan tənha və əlillərə bayram sovqatı paylanıldı.