Qaradağda Novruz bayramı qeyd olundu.
Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olundu.
Bayram münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında geniş tədbir təşkil olundu.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatları Ağalar Vəliyev, Mixail Zabelin, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Rayon rəhbərliyini qarşılayan Bahar qızı hamını Novruz Bayramının gəlişi ilə təbrik etdi. Sonra ənənəyə uyğun olaraq tonqal qalandı. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşayiət etdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov hamını bu gözəl bayram münasibəti ilə təbrik etdi, xoş arzularını bildirdi.
Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qaldı. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırıldı. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa edib, məktəblilər şeir oxuyub, gənc pəhləvanlar meydan mübarizəsinə çıxdılar. Onlardan geri qalmayan kəndirbazlar da öz məharətlərini göstərdilər. Tədbir iştirakçılarını Novruz şirniyyatına qonaq edildilər. Keçəl və Kosanın şən zarafatları insanların üzündə təbəssüm yaradırdı.
Tədbirin sonunda bayram konserti keçirildi.