“İslam – təhsil, elm, mədəniyyət” mövzusunda elmi-praktik konfrans keçirildi.
13 mart 2014-cü il tarixində A.R.Qоbustanlı adına Qоbustan mədəniyyət mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “İslam – təhsil, elm, mədəniyyət” mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Azərbaycan Elmlər Akademiyasının əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru Sübhan Talıblı, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mərkəzi aparatının işçisi, ilahiyyatçı alim Əliheydər Zülfüqarov və qəsəbə sakinləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov mövzunun aktuallığı, keçirilmə zərurəti haqqında danışaraq keçirilən tədbirin bəşəri dinlərin ən sonuncusu və ən mükəmməl dini olan İslam dininə, dini dəyərlərimizin həyatımızdakı roluna və vəziyyətinə həsr olunduğunu bildirdi. İslam dininin inkişaf tarixinə nəzər salaraq, dinimizin qardaşlıq, bərabərlik, səmimiyyət, əmin-amanlıq və sülh dini olduğu vurğulandı. Ümummilli Lider Heydər Əliyevin islam dininin dəyərlərinə hörmətlə yanaşdığı və bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də eyni həssaslıqla önəm və diqqət verdiyi iştirakçıların nəzərinə çatdırdı.
Öz növbəsində Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov orta əsrlərdə islam dünyasının bəşəriyyətə bəxş etdiyi elm xadimlərindən, həmin bölgədə təhsilin, elmin inkişafından ətraflı danışdı.
Tədbirdə çıxış edən digər qonaqlar təhsil, elm və mədəniyyət ilə islamın vəhdətindən danışaraq son zamanlar elmi ixtiraların Quranla bağlılığından misallar gətirdilər.
Sonda toplantı iştirakçılarını maraqlandıran məsələlərə ekspertlər tərəfindən açıqlamalar verildi.