Yeni ildən yeni bağçalarda
Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət kimi formalaşmasının əsası Ümummili lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir və bu siyasət bu gün də uğurla davam etdirilir.
Dinamik inkişaf edən ölkəmizin gələcək nəslin sağlam böyüməsi, onların hərtərəfli inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu istiqamətdə görülən mühüm tədbirlərin tərkib hissələrindən biri məktəbəqədər təhsil müəssisələrindən olan körpələr evi və uşaq bağçaları şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazasının yaxşılaşdırılması və təlim-tərbiyə prosesində fəal iştiraklarının təmin olunmasıdır. Bu nəcib missiyanın reallaşdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti də misilsizdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının” Əlavə Tədbirlər Planı” dövlətimiz tərəfindən körpələr evlərinin, uşaq bağçalarının, internat və orta məktəblərin əsaslı şəkildə yenidən qurulması istiqamətdə aparılan işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Dövlət Proqramlarında bu qəbildən nəzərdə tutulan işlər Qaradağ rayonunda da uğurla icra edilmişdir.
Belə ki, müvafiq Dövlət Proqramına əsasən Qaradağ rayonunun Lökbatan, Sahil, Səngəçal, Ələt və Müşfiqabad qəsəbələrində ümumilikdə 8 körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuş, Puta və Ələt qəsəbələrində isə hər biri 120 yerlik olmaqla 2 yeni körpələr evi-uşaq bağçası tikilmişdir. Hər bir məktəbəqədər təhsil ocağı gözəl çarpayılarla, müasir avadanlıqlarla, əlvan rəngli masa və oturacaqlarla, balacaların inkişafına və əylənməsinə kömək edən müxtəlif oyuncaqlarla təchiz olunmuşdur. Tərbiyə ocaqlarının yeməkxanası və qazanxanası da müasir tələblərə tam cavab verir. Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən foto-guşə də yaradılıb. Bundan əlavə daha 4 körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri davam etməkdədir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 17 yanvar 2014-cü il tarixində imzaladığı “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda da bu sahəyə xüsusi diqqət ayrılmışdır. Belə ki, Qaradağ rayonunda 4 körpələr evi-uşaq bağçalarının əsaslı təmiri, 1-inin isə sökülərək 80 yerlik yeni binanın tikintisi nəzərdə tutulmuşdur.
Görülən bu işlərin məntiqi nəticəsi kimi qeyd etmək olar ki, gələcəyimiz olan uşaqlar sağlam ruhda və düşüncədə böyüyəcəklər.