“Peşə seçimində gənclərə dəstək” mövzusunda tədbir keçirildi.
Müasir dünyada həyatı normal olaraq davam etdirə bilməyin əsas şərti yaxşı bir təhsil almaqdır. Həyatı boyu fasiləsiz bir şəkildə davam edən təhsil müddəti və bu müddət içərisində aldığımız qərarlar böyük ölçüdə gələcəyimizi təyin edir. Bu qərarlardan bəlkə də ən əhəmiyyətlisi peşə seçimidir. Çünki, düzgün peşə seçimi gələcək uğurun başlanğıcı hesab olunur.
Məhz gənc nəslin bu mövzuda maariflənməsi baxımdan Qaradağ Rayon İcra Hakimiyyəti və rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə 233 və 166 nömrəli orta məktəblərində tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Seyfulla Ağayev və Qaradağ rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov iştirak edirdilər.
İlk öncə çıxış edən Qaradağ rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov “Əmək bazarında” yaranmış çətinliklərdən, gənc nəslin peşə və ixtisas seçimində düzgün seçim etməsindən və əmək bazarında daha çox təlabat olan peşə və ixtisaslar haqqında danışaraq gənc nəslə müəyyən məsləhətlər verdi. Məkrəz tərəfindən təşkil edilmiş peşə kursları barədə geniş məlumat verərək açılması nəzərdə tutulmuş peşələr haqqında danışdı. Öz növbəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətcisi Seyfulla Ağayev rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlarla bağlı ətraflı məlumat verərək gələcəkdə açılması nəzərdə tutulmuş vakant iş yerləri və bu iş yerlərinə ixtisaslı kadr hazırlığı haqqında geniş mühazirə söylədi.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırıldı, məktəblilərə “Peşəyönümü ” ilə bağlı tərtib edilmiş əyani vəsaitlər,bukletlər təqdim edildi.