8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən “Qaradağ” şadlıq evində bayram tədbiri keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Mixail Zabelin, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tədbirdə iştirak bütün xanımları gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik etdi.
Zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarix boyu vətənimizdə həmişə uca tutulduğunu Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini qeyd etdi. Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayıldığını vurğulayaraq qadınlarımızın müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verdiyini, beynəlxalq qadın hərəkatında fəal iştirak etdiklərini bildirdi. Ümummilli lider Heydər Əliyev qadınların xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərirdi. Ulu öndərimizin “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar” fikrini səsləndirdi. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.
Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Bütün bunların təməlində isə ümummilli liderin uzaqgörən siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Milli Məclisin deputatı Mixail Zabelin tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar fəxri fərmanlar və dəyərli hədiyyələr ilə mükafatlandılar. Bununla yanaşı tədbirdə iştirak edənlər də diqqətdən kənarda qalmayaraq hər birinə hədiyyələr tədqim olundu.
Tədbir tanınmış musiqi ifaçılarının çıxışları ilə davam etdi.