2013-cü ildə Sahil qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
24 yanvar 2014-cü il tarixində Sahil qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbəsi üzrə nümayəndəsi Ə.Fərəcov hesabat verərək ötən ildə də qəsəbədə böyük işlər görüldüyü qeyd etdi. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış və icrası ötən il yekunlaşmış “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Sahil qəsəbəsində 253 və 273 saylı orta məktəbləri, “Aynur” uşaq bağçası əsaslı təmir olunmuşdur. Bundan əlavə “Nağıl” və 301 saylı körpələr evi-uşaq bağçalarının əsaslı təmiri, Gənclər evinin, yanğından mühafizə bölməsinin tikintisi işləri davam edir. Bu il 46 çoxmərtəbəli yaşayış binası, 2 məktəbəqədər tərbiyə və 4 təhsil müəsisəsi istilik enerjisi ilə təmin olunmuşdur. Qəsəbə ərazisində geniş quruculuq və abadlıq işləri davam etməkdədir. Qəsəbənin mərkəzində Rotterdam küçəsinin açılmışdır, “Şəhidlər kopmleksi”ndə əsaslı təmir olunaraq “Soyqırım abidə”nin önündə abadlıq və işıqlandırma işləri görülmüşdür. Qəsəbənin cənub tərəfdən girişində rayon İcra hakimiyyəti tərəfindən yeni yaşıllıq zolağı salınmış, 200-dən çox müxtəlif növlü dekorativ ağaclar əkilmiş, Sahil qəsəbəsinin adını göstərən lövhə quraşdırılmışdır. Bu ərazidə keçən magistral yolun ətrafında istinad divarları hörülmüş, aqlayla üzlənmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. N.Mustafayev küçəsi 2 və E.Quliyev küçəsi 50a saylı binaların həyətləri abadlaşdırılaraq xeyir-şər evləri tikilmiş zəruri avadanlıqlarla təchiz edilərək sakinlərin istifadəsinə verilmişdir. Qəsəbənin M.Seyidov, Ş.Əsgərov və Ə.Gülbabayev küçələrində yerləşən çoxmərtəbəli yaşayış binalarından artıq bir neçəsinin fasadları müasir üslubda təmir edilərək, gecə işıqları quraşdırılmışdır. Əhalinin asudə vaxtının səmərəli keçirmələri üçün park yaradılmış, uşaqların əyləncəsi üçün müxtəlif atraksionlar quraşdırılmışdır.
Daha sonra Sahil bələdiyyəsinin sədri Ş.Nəcəfov bələdiyyə tərəfindən görülmüş işlər barədə yığıncaq iştirakçılarına məlumat verdi.
Hesabat yığıncağında iştirak edən 300-ə yaxın qəsəbədə sakinlərin 12 nəfəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən fərdi qaydada dinlənildi.
Qəsəbə sakinlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov sakinlərin müraciətlərində qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti rayon idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.