2013-cü ildə Puta qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
21 yanvar 2014-cü il tarixində Puta qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, idarə müəssisə rəhbərləri iştirak etdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Puta qəsəbəsi üzrə nümayəndəsi E.Allahverdiyev hesabat verərək qeyd etmişdir ki, 2013-cü il qəsəbə üçün uğurlu il olmuşdur. Qəsəbədə həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Puta qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Ölkə başçısı tərəfindən imzalanmış və icrası ötən il yekunlaşmış “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən qəsəbənin sosial-iqtisadi problemlərinin həll olunması istiqamətində bir sıra işlər görülmüşdür.
Belə ki, Bakı şəhəri, Qaradağ rayonunun Puta qəsəbəsində qaz kəmərlərinin yenidən qurulması və yeni salınmış yaşayış massivinin qazlaşdırılması, 9 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, 326 saylı uşaq bağçası üçün 120 yerlik yeni binanın tikintisi işləri yekunlaşmşdır. Qəsəbə ərazisində mini futbol meydançasının və idman zalının tikintisi işlərinə başlanılmışdır. Bundan əlavə qəsəbədaxili yol və küçələrin abadlaşdırılması istiqamətində qəsəbədə 46 ədəd küçə işıqları quraşdırılmış, 29615 m2 mərkəzi yollara, 3005 m2 piyada səkilərinə asfalt örtüyü çəkilmişdir. Elektrik enerjisinin verilməsi keyfiyyətinin artırılması məqsədi ilə 5000 metr uzunluğunda SİP kabeli çəkilmiş, 200 ədəd yeni elektrik dirəyi basdırılmış, 400 kva gücündə 1 ədəd transformator quraşdırılmışdır.