3 dekabr Beynəlxalq Əlillər günüdür
1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Əlillər gününün ölkəmizdə qeyd olunması Ulu Öndər Heydər Əliyevin əlillərə göstərilən yüksək qayğısının nəticəsidir. Beynəlxalq Əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi dəstək göstərməkdir. Bu gün əlillər üçün tikilən yaşayış kompleksləri, sağlamlıq mərkəzləri və həmçinin sosial müavinət məbləğlərinin artırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlillərə olan diqqətinin bariz nümunəsidir.
03 dekabr Beynəlxalq Əlillər günü Qaradağ rayonunda da qeyd edilmişdir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun aztəminatlı əlil sakinlərinin evlərində görüşlər keçirilmişdir.
Görüşlərdə rayon icra hakimiyyətinin əməkdaşları və qəsəbə nümayəndələri iştirak etmişlər. Əlil sakinlərin problemləri, ehtiyacları dinlənilmiş, onlarla söhbət aparılmış və həmin ailələrə rayon icra hakimiyyəti tərəfindən ərzaq bağlaması təqdim olunmuşdur.
Görüşün sonunda əlillər onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.