“Heydər Əliyev dahi müasirimizdir” mövzusunda konfrans keçirildi.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev dahi müasirimizdir” mövzusunda konfrans keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Elnur Qurbanov və Zəfər Əliyev, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, həmin akademiyanın doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Musa Quluzadə, dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Akif Bayramov, dövlət idarəetməsi və menecment kafedrasının dosenti İbrahimxəlil İbrahimov və digər qonaqlar iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyduğunu bildirdi. Qısa zaman kəsiyində dünyanın nəhəng dövlətlərinin mənafeyini Azərbaycanda birləşdirdi. Dövlət qurdu, dövlətçiliyi möhkəmləndirdi, vətəndaş cəmiyyətini formalaşdırdı. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururduğunu qeyd etdi.
Daha sonra çıxış edən qonaqlar bildirdilər ki, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmət ilə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. Ulu öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yazdı, yaratdı və bu tarix yaşamaqdadır. Dahi şəxsiyyət ictimai-siyasi həyatın bütün sahələrini fəth etmişdi, Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elmini öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimidir. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.