“Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun əsas sənədidir” mövzusunda dəyirmi masa keçirildi.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günü münasibəti ilə dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Zəfər Əliyev və Elnur Qurbanov, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, Bakı Dövlət Universitetinin Cinayət hüququ kafedrasının elmi işçisi Təbriz Musayev, Şura üzvləri və digər qonaqlar iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzərək, dahi şəxsiyyətə ehtiramlarını bildirdilər.
Tədbirə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev ulu öndər Heydər Əliyevin “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri – bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir” sözləri ilə başladı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiyanın yaradılaraq, Konstitusiya layihəsinin ümumxalq müzakirəsinə çıxarıldığını, 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunduğunu nəzərə çatdırdı. Konstitusiyanın - dövlətin ali qanunu, ali hüquqi qüvvəyə malik, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edən, eyni zamanda vətəndaşın hüquqi statusunu müəyyən edən qanunlar toplusu olduğunu qeyd etdi.
Daha sonra çıxış edən qonaqlar Konstitusiyamızın yaranma tarixindən geniş danışdılar. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilmədiyini, ona görə də Azərbaycanın Konstitusiya quruluş tarixinin SSRİ dövrünə təsadüf etdiyini bildirdilər. Bu gün ki Konstitusiyanın Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş ilk Konstitusiya olduğunu qeyd etdilər. Konstitusiyamızda dövlətimiz tərəfindən insanların hüquq və azadlıqlarının qorunduğunu, hər kəsin azad yaşamasının təmin edildiyini vurğuladılar.