“Bayraq Dövlətin əsas rəmzlərindən biridir” mövzusunda dəyir masa keçirildi.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 09 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının siyasi elmlər üzrə fəlsəfə doktoru Murtuza Həsənov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Sevil Məmmədova, Şura üzvləri və digər qonaqlar iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 09 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunmasını əlamətdar bir hadisə olduğunu vurğulayaraq, müstəqillik rəmzimiz olan Dövlət Bayrağımızın yaranması tarixindən danışdı.
Hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyini, sovet imperiyasının əsarətindən qurtulandan sonra üçrəngli bayrağımızın yenidən bərpa olunduğunu diqqətə çatdırdı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildiyini bildirdi. Ümummilli lider Heydər Əliyevin “Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini xatırladaraq bayraq sevgisinin hər kəsin qəlbində yaşamalı olduğunu qeyd etdi. Ulu öndərin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də ölkəmizin milli dövlət rəmzlərini uca tutur və bu ruhu cəmiyyətə aşıladığını söyləyərək ölkəmizdə gedən geniş abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, sosial rifahın təmin edilməsi, məktəblərin, xəstəxanaların, ictimai obyektlərin, idman mərkəzlərinin tikilməsi, yeni yolların salınması və s. bu istiqamətdə atılmış addımların görülən işlərin bir hissəsi olduğunu nəzərə çatdırdı. Bu gün hər bir azərbaycanlı ölkəmizin iqtisadi inkişafının rəmzinə çevrilən üçrəngli bayrağımızın dünya dövlətlərinin bayraqları arasında ən uca zirvədə dalğalanması ilə qürur duyduğunu xüsusi ilə vurğuladı.
Daha sonra çıxış edən qonaqlar üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsini ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapdığını bildirdilər.
Dövlətimizin başçısının milli ideallara bağlılığı üçrəngli bayrağımıza münasibətdə də açıq-aydın göründüyünü, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsi kimi səciyyələndirdilər. Dövlət rəmzlərimizə göstərilən bu münasibət ölkəmizdə milli həmrəyliyi, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsini, dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məramından irəli gəldiyi fikirləri səsləndirdilər.