Dövlət Bayrağı Muzeyində ədəbi-bədii kompozisiya keçirildi.
Dövlət Bayrağı Muzeyində “9 noyabr-Azərbaycan Bayrağı günü”nə həsr olunmuş “Mənim üçrəngli bayrağım” mövzusunda Qaradağ rayon Gənclər və İdman İdarəsi və 274 nömrəli orta məktəbin təşkilatçılığı ilə ədəbi-bədii kompozisiya keçirildi.
Kompozisiyadan əvvəl məktəblilər Dövlət Bayrağı Muzeyi və oradakı eksponatlarla əyani surətdə tanış oldular. Məlumat verildi ki, Azərbaycanlı memar və dizaynerlərin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Dünyada bu cür nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır.
Muzəy ilə ətraflı tanışlıqdan sonra tədbiri giriş sözü ilə açan 274 nömrəli orta məktəbin direktoru Atakişi Cəfərov məktəblilərin iştirakı ilə keçirilən belə kateqoriyalı tədbirlərin şagirdlər üçün əhəmiyyətindən danışaraq bu istiqamətdə Dövlət Bayrağı Muzeyindəki yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün pedaqoji heyət adından minnətdarlıq etdi. Sonra şagirdlər tərəfindən bayrağımızı tərənnüm edən şeirlər, mahnılar və milli rəqslər ifa olundu. Öz növbəsində çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov “9 noyabr-Azərbaycan Bayrağı günü” münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlərin keçirildiyini qeyd etdi. Ədəbi-bədii kompozisiyanın sonunda tədbirin təşkilati işlərində yaxından iştirak etmiş müəllim və şagirdlər Qaradağ rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələri ilə mükafatlandırıldılar.