28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi.
25 may 2023-cü il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, başçının müavini Təranə İsmayılova, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Munis Bayramov, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayonun ictimaiyyət nümayəndələri iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirdi. O, cəmi 23 ay mövcud olan Şərqin ilk demokratik dövlətinin bir çox uğurlara imza atdığını qeyd etdi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdi. Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycanda dövlət müstəqilliyinin yeni mərhələsi başlandı. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsil dönüş yarandı. Bu gün Ulu Öndərin ideyaları onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi onun milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. Möhtəşəm Zəfər tariximizdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümünü xalqımız qürur və sevinc hissi ilə qarşılayır.
Milli Məclisin deputatı Səbinə Xasayeva öz çıxışında qeyd etdi ki, istiqlal hər bir millətin ən böyük arzusudur. Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün səriştə, təcrübə, fəhm, uzaqgörən siyasət və iradə ardıcıllığı zəruridir. Yalnız bu keyfiyyətlərin daşıyıcısı olan liderə xalq şərtsiz arxalana, özünün taleyini ona həvalə edə bilər. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Azərbaycan Respublikasının, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi yol haqqında danışaraq bildirdi ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli şəxslərinin qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı. Bu qısa dövrdə Azərbaycanın bəzi milli atributları və idarəetmə mexanizmləri formalaşmışdır. Məhz buna görə də, həmin süqutdan sonra, 1991-ci ildə Azərbaycanın üçrəngli bayrağının yenidən ucaldılması xalqı fərəhləndirmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova, şöbə müdiri Munis Bayramov çıxışlarında Müstəqillik Gününün tarixiliyindən, özəl cəhətlərindən və müasir dövrümüzdə Azərbaycanın inkişafından ətraflı söhbət açdılar.
Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov tədbiri yekunlaşdıraraq, müstəqilliyin bu gün hörmətli Prezidentimiz tərəfindən şərəflə qorunduğundan, 44 günlük Vətən müharibəsindən və əldə olunan Zəfərdən danışdı. Tədbir iştirakçılarını qarşıdan gələn “28 May- Respublika Günü” münasibəti ilə təbrik etdi.