Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi istifadəyə verildi.
Qaradağ rayonunun Qobustan qəsəbəsində Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Mədəniyyət evində əsaslı təmir və yenidənqurma işləri “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun həyata keçirilmişdir.
Tədbirdə Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev və digər qonaqlar iştirak etmişdir.
Tədbirdə Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək bildirmişdir ki, son illər müvafiq dövlət proqramına uyğun olaraq yeni təhsil və mədəniyyət ocaqları tikilir və mövcud mədəniyyət müəssisələri əsaslı təmir olunur. Bütün bunlar balalarımızın hərtərəfli biliklərə yiyələnməsinə, yüksək və dünya görüşlü şəxsiyyət kimi formalaşmasına təkan verir.
Nazir müavini Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətə, incəsənətə, musiqi təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışdır.
Xüsusi ilə vurğulamışdır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyi və təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir. Bütün bunlar bizi sevindirir.
Diqqətə çatdırılmışdır ki, hər bir mədəniyyət ocağı insanların asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət etməklə yanaşı, həm də gənclərimizin milli-mədəni dəyərlərimizə olan sevgisinin artmasına təkan verir.
Mədəniyyət evinin kollektivinə uğurlar arzulayan V.Əliyev demişdir ki, yaxın gələcəkdə burada yetişən istedadlı gənclərin sorağı dünyanın ən yüksək festival və müsabiqələrindən gələcəkdir.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirələn tədbirlərin rayon sakinlərinin həyat şəraitinin yaxşılaşdırılmasına, mövcud və yaradılan infrastruktur layihələrin müasir standartlara cavab verməsinə xidmət etdiyini söyləmişdir. Həmçinin Dövlət Proqramına əsasən rayonun digər qəsəbələrində də mədəniyyət ocaqlarında da əsaslı təmir işlərinin getdiyini nəzərə çatmışdır.
Mədəniyyət evinin direktoru Gülarə Bayramova görülmüş işlərə görə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirmişdir.
Sonra tədbir iştirakçıları burada görülmüş işlərlə yaxından tanış olmuşlar.
Bildirilmişdir ki, 1953-cü ildən fəaliyyət göstərən bu mədəniyyət ocağında indiyədək heç bir əsaslı təmir işi aparılmamışdır. 2012-ci ildə müvafiq dövlət proqramına uyğun olaraq 1600 kv.m-lik mədəniyyət evinin əsaslı təmirinə başlanılmışdır. Görülmüş işlər nəticəsində bina ən müasir avadanlıqlarla təmin edilərək qəsəbə sakinlərinin ixtiyarına verilmişdir.
Sonda mədəniyyət evinin özfəaliyyət dərnəyinin ifasında dinlənilən musiqi nömrələri də iştirakçıların böyük marağına səbəb olmuşdur.