Qobustan Regional Təlim Mərkəzinin açılışı olmuşdur
Oktyabrın 1-də Qobustan Regional Təlim Mərkəzinin açılış mərasimi olmuşdur. Mərasimdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Təhsil naziri Mikayıl Cabbarov, ''Azərenerji'' ASC-nin rəhbəri Etibar Pirverdiyev, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, “BP-Azərbaycan” şirkətinin prezidenti Qordon Birrel, ARDNŞ rəhbərliyinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən xarici neft-qaz şirkətlərinin təmsilçiləri və digər rəsmi şəxslər iştirak etmişlər.
ARDNŞ-nin prezidenti və onu müşaiyət edən şəxslər Mərkəzdə yaradılmış şəraitlə tanış olmuşlar. Bildirilmişdir ki, qarşıdakı illərdə Qaradağ rayonunun Bakının ən böyük sənaye mərkəzlərindən birinə çevriləcəyi, burada çox sayda böyük sənaye müəssisələrinin yaradılacağı, nəhəng tikinti-quraşdırma işlərinin aparılacağı və həmin obyektlərdə yüksək ixtisaslı fəhlə kadrlarına ciddi ehtiyac olacağı nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının tapşırığı ilə Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa edilmiş 330 saylı tam orta məktəb binası əmlakı ilə birlikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansına verilmiş və burada Qobustan Regional Təlim Mərkəzi yaradılmışdır. Mərkəz ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində fəaliyyətə başlamışdır. Şirkətin ixtisaslı fəhlə kadrlara olan tələbatının ödənilməsində mühüm rol oynayacaq Mərkəzdə 48 sinif otağı, 28 inzibati və köməkçi otaq mövcuddur. İlk olaraq bu mərkəzdə neft sənayesi üçün ənənəvi sayılan 12 ixtisas üzrə - “karotajçı”, “kimyəvi analiz laborantı”, “quraşdırıcı-çilingər”, “kran maşinisti”, “neft və qaz hasilatı üzrə operator”, “kompressor qurğusu maşinisti”, “NÖC və avtomatika üzrə çilingər”, “Elektrik montyoru”, “təmirçi çilingər”, “texnoloji qurğuların operatoru”, “qazmaçı köməkçisi”, “elektrik qaz qaynaqçısı” ixtisasları üzrə 370 nəfər yeni fəhlə kadrın hazırlanması nəzərdə tutulur ki, bu da Qaradağ rayonundan, eləcə də ətraf rayonlardan olan gənclərin işsizlik problemlərinin həllinə mühüm töhfə olacaqdır. Qeyd olunmuşdur ki, Qobustan Regional Təlim Mərkəzində Azərbaycanda fəaliyyət göstərən xarici neft və qaz şirkətlərinin ixtisaslı fəhlə kadrlarına ehtiyacının ödənilməsi üçün də imkanlar yaradılacaqdır. Artıq “BP-Azərbaycan” şirkətinin ilk sifarişləri qəbul olunmuşdur. Mərasimdə o da qeyd edilmişdir ki, ARDNŞ üçün qeyri-ənənəvi olan 500-dən artıq peşə üzrə fəhlə kadrlarına ehtiyacın təmin olunması məqsədi ilə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən peşə-texniki məktəblərin imkanlarından istifadə edilməsi nəzərdə tutulur. Bu istiqamətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ARDNŞ arasında danışıqlar aparılır.
Mərkəzdə praktiki dərslərin daha mükəmməl aparılması üçün bir neçə müasir simulyasiya avadanlığı quraşdırılmışdır. Kran maşinisti otağında kranın idarə olunması üzrə, qazmaçı, geofizik (karotajçı) və qaynaqçıların praktikaya tam hazırlanması üzrə müvafiq simulyasiya aparatları müdavimlərin seçdikləri peşələrin əsaslarının öyrənilməsi işinə mühüm töhfə verəcəkdir. Mərkəzdə həmçinin, dinləyicilərin informasiya texnologiyaları sahəsində biliklərinin artırılması üçün müasir PLC otağı da hazırlanmışdır. Burada yaradılan qaynaq emalatxanasında dünya standartlarına tam cavab verən ən müasir aparatlar (avtomat, yarımavtomat, əl-qövs, arqon və s.) quraşdırılmış, eyni vaxta 32 nəfərin çalışa bilməsi üçün şərait yaradılmışdır. Bundan əlavə, bütün sinif otaqlarında dərslər müasir kompüter və interaktiv lövhələrdən istifadə olunmaqla tədris edilir.
Qobustan Regional Təlim Mərkəzində yaradılmış şəraitdən razı qaldığını bildirən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev yeni istifadəyə verilmiş Mərkəzin kollektivini təbrik etmiş, onlara uğurlar arzulamışdır. Rövnəq Abdullayev ölkəmizdə həyata keçirilən qlobal enerji layihələrindən, dövlət səviyyəsində təhsilə göstərilən qayğıdan, yeni layihələrin həyata keçirilməsi zamanı savadlı fəhlə kadrlarına tələbatın artacağından danışmış, eləcə də gənc nəslin təlim və tərbiyəsi istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, respublikada peşəkar fəhlə kadrların hazırlanması, onların müasir təlim texnologiyalarına yiyələnməsi üçün həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini söyləmişdir. Açılış məraisimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov və “BP-Azərbaycan” şirkətinin prezidenti Qordon Birrel neft-qaz sənaeysinin inkişaf etdirilməsində ARDNŞ-nin peşə təhsili mərkəzlərinin rolunu yüksək dəyərləndirmiş, Qobustan Regional Təlim Mərkəzinin şagird və müəllim heyətini təbrik etmiş, Dövlət Neft Şirkəti ilə səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirləcəyinə əminliklərini ifadə vurğulamışlar.