27 Sentyabr – Anım Günü
Bu gün Azərbaycanda Anım Günüdür. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır!
27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.
27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2023-cü il sentyabrın 27-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.
27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.
Bu gün Qaradağ rayonunda müxtəlif anım tədbirləri keçirilmiş, şəhidləri məzarları ziyarət edilmiş, şəhid ailələri, Vətən Müharibəsi əlilləri, qazilərlə görüşlər keçirilmişdir.
Qarabağın göylərindən Cənnətə yol salanlar, ruhunuz şad olsun. Sizin canınız və qanınız bahasına bu Vətən bütöv oldu. Azərbaycan kimi müqəddəs və əbədisiniz. Şənini vəsf etdiyimiz, ulduzunu, ayını göydə mələklərin öpdüyü, Zəfərimin sancağı olan üç boyalı bayrağımın Qarabağda dikəldiyi hər yer sizin qanınızın axdığı, ruhunuzun Cənnətə ucaldığı müqəddəs məkandır.
Tarix yazan qəhrəmanlarımızı böyük ehtiram və hörmətlə anırıq! Bir birindən qəhrəman, bir-birindən yaraşıqlı şəhid qardaşlarımız! Sizləri heç bir söz vəsf edə bilməz. Sizlər ölümün gözünə dik baxaraq Vətən yolunda canınızdan keçdiniz. Deyirlər, ölüm haqdır, ona hər kəs qovuşa bilər, ancaq hər kəs haqq üçün dirilə bilməz. Torpaq uğrunda canlarından keçən şəhidlər isə bir ölər, min dirilər.Ruhunuz qarşınızda baş əyirik!!