Qaradağ rayonunun bütün ümumtəhsil ocaqlarında “Bilik günü” böyük təntənə ilə qeyd olundu.
“Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil ocaqlarında tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biri Lökbatan qəsəbəsində yerləşən əsaslı təmirdən sonra istifadəyə verilmiş Cəmil Niftəliyev adına 233 nömrəli orta məktəbdə keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, məktəbin müəllim, şagird heyəti, valideynlər və rayon ictimaiyyəti iştirak edirdi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirdi. Məhz bu gündə təhsil sahəsini möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı ilə yanaşdığı sahələrdən biri kimi qeyd etdi. Təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları, habelə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyini diqqətin bariz nümunəsi olduğunu vurğuladı. Ölkəmizin hər bir yerində müasir standartlara cavab verən ümumtəhsil ocaqlarının tikildiyini, bunun isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət etdiyini söylədi. Bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzuladı.
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdə “İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı.
Yaradılmış şəraitlə tanış olan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov sinif otaqlarına baxış keçirdi, pedaqoji kollektiv və şagirdlər ilə görüşərək yeni dərs ili münasibəti ilə onları təbrik etdi.