Müqəddəs Ramazan Bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım edildi.
07 avqust 2013-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Müqəddəs Ramazan bayramı münasibəti ilə rayonun aztəminatlı ailələri ilə görüş keçirilmişdir.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri və rayon ictimaiyyəti iştirak etmişdir.
Görüş zamanı Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nadir Muradov ilk öncə hər kəsi Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından təbrik etmiş, tutulan orucların qəbul olunmasını diləmiş, hər kəsə bol ruzi və ailələrində əmin-amanlıq arzulamışdır.
Ulu öndər Heydər Əliyevin hər zaman dini dəyərlərə önəm verdiyini vurğulayaraq, Müqəddəs bayramların dövlət tərəfindən yüksək səviyyədə qeyd olunduğunu bildirmişdir. Bu ənənənin bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirildiyini bildirərək, dövlətimizin həmişə aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsinə xüsusi diqqət yetirdiyini qeyd etmişdir. Daha sonra Qaradağ rayon Korlar Cəmiyyətinin sədri Cəlaləddin Bayramov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə sakinlər adından minnətdarlığını bildirmişdir.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 200-ə yaxın aztəminatlı ailəyə rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verilmişdir.