Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun – Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” münasibətilə maarifləndirici tədbir keçirilib.

03 iyun 2025 | 12:20

  03 iyun 2025-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 8 saylı Peşə Liseyində Azərbaycan Respublikası Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci il üçün təsdiq olunmuş İş Planının 18-ci bəndinə uyğun olaraq, “26 iyun – Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” münasibətilə maarifləndirici tədbir keçirilib.

  Tədbirdə Azərbaycan Respublikası Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Qaradağ Rayon Komissiyasının sədri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Quliyev Vasif, Bakı şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Sevda Mirzəyeva, Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə Gənclər və İdman sektorunun rəisi Elçin Abbasov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 38-ci Polis Bölməsinin “Yetkinlik yaşına çatmayanlar” üzrə inspektoru Elşən Əliyev, liseyin müəllimləri və tələbələri iştirak ediblər.

  Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon Komissiyasının sədri Emil Abbasov qonaqları və iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, narkotik vasitələrin yayılması yalnız fərdi deyil, cəmiyyətin bütövlüyünü təhdid edən təhlükəli problemdir və bu istiqamətdə aparılan profilaktik tədbirlər əsas prioritetlərdəndir. Emil Abbasov qeyd edib ki, ictimaiyyətin, xüsusilə də gənclərin bu məsələ ilə bağlı maarifləndirilməsi və onlarda düzgün həyat tərzi vərdişlərinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. O, tədbirin təşkilinin məqsədini izah edərək narkotiklərlə mübarizənin yalnız hüquqi deyil, sosial və psixoloji aspektlərdən də aparılmasının vacibliyini vurğulayıb. Həmçinin rayon üzrə həyata keçirilən profilaktik tədbirlər barədə ətraflı məlumat verib və gənclərin bu sahədə maarifləndirilməsinin davamlı olmasının zəruriliyini qeyd edib.

  Tədbirdə çıxış edən Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı Quliyev Vasif Komissiyanın fəaliyyəti və 2025-ci il üzrə iş planı barədə məlumat verərək bu cür tədbirlərin əhali arasında məlumatlılığın artırılmasında oynadığı mühüm rolu qeyd edib. O vurğulayıb ki, xüsusilə gənclər arasında erkən maarifləndirmə və təhlükə barədə məlumatlandırma narkomaniyanın qarşısının alınmasında ən effektiv vasitələrdəndir.

  Daha sonra Bakı şəhəri Narkoloji Dispanserinin həkim-narkoloqu Sevda Mirzəyeva çıxış edərək narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlər, onların orqanizmdə yaratdığı fəsadlar və uzunmüddətli psixoloji və fiziki asılılıq barədə ətraflı məlumat verib. O, gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi seçməyə və psixoloji problemlər zamanı vaxtında mütəxəssisə müraciət etməyə çağırıb.

  Ardınca çıxış edən Elçin Abbasov isə idmanın narkomaniya ilə mübarizədə effektiv vasitə olduğunu vurğulayıb. O bildirib ki, idarə tərəfindən həyata keçirilən idman tədbirləri, gənclər üçün yaradılan şərait və onların asudə vaxtlarının səmərəli təşkili narkotiklərə meylin qarşısının alınmasında mühüm rol oynayır. Gənclərin öz potensiallarını sağlam istiqamətdə inkişaf etdirmələri üçün mövcud imkanlardan bəhs edib.

  Tədbir zamanı tələbələrə narkotik vasitələrin yaratdığı təhlükələr, onların qanunsuz dövriyyəsinin qarşısının alınması yolları, sağlam həyat tərzinin faydaları və risk qrupları ilə aparılmalı işlər barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçılara maarifləndirici bukletlər təqdim olunub.

  Sonda vurğulanıb ki, bu cür tədbirlər gələcəkdə də davam etdiriləcək və narkomaniyaya qarşı mübarizədə dövlət orqanları, ictimai təşkilatlar və təhsil müəssisələri arasında əməkdaşlıq gücləndiriləcəkdir.

Keçidlər