Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun- Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilmişdir

13 iyun 2024 | 10:50

   13 iyun 2024-cü il tarixdə Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının” iştirakı ilə “26 iyun- Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirildi.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” və “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələr və prekursorların aktlaşdırılaraq məhv edilməsinə dair” komissiyalarının üzvləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Kamran Abdullayev, Azərbaycan Respublikası “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Vasif Quliyev, Qaradağ rayon Gənclər və İdman sektorunun müdiri Elçin Abbasov, Qaradağ RPİ-nin YYÇPİTB-nin baş inspektoru polis mayoru Ramil Hacıyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Sumaxanım Mirzəyeva, Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, orta məktəblərin psixoloqları, rayon ictimaiyyəti və gənclər iştirak edirdi.

   Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov narkomanlığa qarşı mübarizəni gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  22 iyul 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2024-cü illər üçün Narkotik vasitələrin, psiхotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə Aparatın nəzdində “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə  qarşı mübarizə üzrə rayon komissiyası”nın fəaliyyət göstərdiyini qeyd etdi. Yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin neqativ halların vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini iştirakçıların nəzərinə çatdırdı.

   Daha sonra çıxış edən Azərbaycan Respublikası “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Vasif Quliyev maarifləndirmə tədbirlərinin gənclər üçün çox önəmli olduğunu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meylliliyinin qarşısının alınmasında əvəzsiz rol oynadığını söyləyərək müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdi.

   “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələr və prekursorların aktlaşdırılaraq məhv edilməsinə dair” Rayon Komissiyasının üzvü Elçin Abbasov 2024-cü ilin 6 ayı ərzində Dövlət Proqramının icrası ilə bağlı görülmüş işlər barədə məruzə etdi.

   Rayon polis idarəsinin və rayon prokururluğunun təmsilçiləri narkotiklərlə əlaqədar törədilmiş cinayət hadisələri, narkotik vasitələrin saxlanması, məhv olunaraq dövriyyədən çıxarılması barədə geniş məlumat verdilər.

   Tədbirin sonunda video-çarx nümayiş etdirildi və iştirakçılara narkotik vasitələrdən, psiхotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr paylandı.

 

Keçidlər