26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş bayram konserti keçirilmişdir.
25 iyun 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Ə.Əmirov adına mədəniyyət sarayında 26 iyun - Silahlı Qüvvələr gününə həsr olunmuş bayram konserti keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, rayon ərazisində yerləşən hərbi hissələrin zabit və əsgər heyəti və rayon ictimaiyyəti iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev ilk öncə hər kəsi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov adından salamlayaraq bütün zabit və əsgər heyətini bu möhtəşəm bayram münasibətilə təbrik etmişdir. Zəfər Əliyev öz çıxışında ölkəmizin hərb tarixindən danışmış, tarixən xalqımızın göstərdiyi qəhrəmanlıq ənənələrinin bu gün də yaşamasını bildirmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi hərbi sahə də ciddi böhranla üzləşmişdi. Ordunun maddi-texniki təminatında problemlər müşayiət olunur və siyasiləşmə meylləri özünü hiss etdirirdi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ordu quruculuğu sahəsində ciddi islahatlar aparıldı, elmi prinsiplərlə yanaşıldı və hökm sürən pərakəndəlik aradan qaldırıldı. Bu gün də ordumuzun qüdrətinin artmasında möhtərəm Prezidentimiz və Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı var.
Daha sonra tədbir bayram konserti ilə davam etmişdir. Konsertin sonunda Qaradağ rayonu ərazisində yerləşən hərbi hissələrə rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verilmişdir.