23 iyun - Dövlət Qulluqçuları Günü
23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Mahmud Qubatov, Zəfər Əliyev, aparatın işçiləri və rayonun digər qurumlarında çalışan dövlət qulluqçuları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Mahmud Qubatov 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını əlamətdar gün münasibəti ilə təbrik edərək xüsusi vurğuladı ki, Azərbaycanda dövlət quruculuğu sahəsində əsaslı islahatlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə başçısı cənab İlham Əliyevin qayğısı ilə dövlət qulluğunda çalışan hər kəsin və onun ailə üzvlərinin yaxşı yaşayıb işləməsi üçün müvafiq şərait yaradılmışdır.
Dövlət qulluğu sahəsində kadr siyasətinin əsas prinsiplərindən, dövlət qulluqçularının cəmiyyətdəki yeri və rolundan, onların hüquq və vəzifələrindən söhbət açan rayon İcra hakimiyyəti başçısının müavini cənab Zəfər Əliyev qeyd etmişdir ki, bu insanlarının fəaliyyəti həmişə cəmiyyətin diqqət mərkəzində olur, onların hər bir addımı, hər bir hərəkəti sıravi vətəndaşlar tərəfindən diqqətlə izlənilir, bütövlükdə hər bir vətəndaş öz gündəlik həyatında rastlaşdığı problemlərin həllində onlara böyük ümidlər bəsləyir və onlar bu ümidləri mütləq doğrultmalıdırlar. Dövlət qulluğu haqqında Əsasnamədə nəzərdə tutulmuş struktur dəyişiklikləri, eləcə də yeni yaradılmış Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyəti barəsində məlumat vermişdir.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından dövlət qulluğunda çalışan bir neçə əməkdaşa fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.