Nümunəvi abad məhəllə
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsünə və rayon sakinləri ilə rayon İcra hakimiyyəti başçısının səyyar qəbul-görüşündə sakinlərin müraciətləri nəzərə alınaraq Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 2a, 3a, 29, 39 çoxmərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə yaradılmış nümunəvi abad məhəllənin açılış mərasimi keçirilərək sakinlərin istifadəsinə verilmişdir.
Açılış mərasimində rayon İcra Hakimiyyəti Başçısı aparatı, rayonun hüquq-mühafizə, məhkəmə orqanlarının, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.
Nümunəvi abad məhəllənin ümumilikdə 2,5 hektaradək ərazisi tullantılardan təmizlənərək planlaşdırma işləri aparılmışdır.
Bu ərazidə 7 ədəd kölgəlik, 21 ədəd oturacaq, uşaqlar üçün 3 meydançada 11 ədəd əyləncə elementləri quraşdırılmış, 3 meydança tikilmişdir.
Yaşayış məhəlləsinə 980 p/metr 50 sm-lik səki daşları düzülmüş, 15 ədəd küçə müasir tipli küçə işığı quraşdırılmış, 2164 kv.m sahəyə asfalt örtüyü vurulmuşdur. Yüksək zövqlə yaşıllıq zolağı yaradılaraq 100 ədəd küknar və şam ağacları əkilmişdir. 226 kv.metr ümumi sahəsi olan müasir tipli 120 nəfərlik 1 mərtəbəli xeyir-şər evi bütün lazımı ləvazimatla təchiz edilərək sakinlərin istifadəsinə verilmişdir.
Açılış mərasimində çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, ulu öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə Başçısının yerli İcra Hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunmuşlar.
Sakinlərin abadlaşdırılmış ərazidə hələ də mövcud olan problemlərin aradan qaldırılmasına dair müraciətlərinin müsbət həllinə məsul olan icraçılar müəyyənləşdirildi və onlara konkret tapşırıqlar verildi, sakinlərə qaldırılmış məsələlərin qısa müddətdə öz həllini tapacağı bildirildi.
Açılış mərasimində iştirak edən ağsaqqallar çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd etdilər.
Çıxış edən sakinlər hamının adından nümunəvi abad məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırdılar.