Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin Muzeyi ilə tanışlıq

19 iyun 2013 | 10:00

 

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin  və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi tarixində “Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsi” – Regional Platforma Modeli çərçivəsində 18-24 iyun tarixlərində keçiriləcək Beynəlxalq Forum iştirakçılarını 18 iyun 2013-cü il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində olmuşlar.
“Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsi” – Regional Platforma Modeli adlı beynəlxalq konfransa dəvət edilmiş qonaqları - Ukraynanın Vinnitsa Gənclər Təşkilatının, Polşanın Varşava Gənclər Mərkəzi Assosiasiyasının, Polşanın Könüllülər Xidmətinin, Ukraynanın Ukrayna Gənclər Forumunun, Belarusiyanın Rotaract-Minsk Gənclər Klubunun, Moldovanın İctimai Elmlər üzrə Tələbələr Assosiasiyasının, Belarusiyanın Alternativ Gənclər Platformasının, Ukrayna Tələbələr Birliyinin, Moldova Gənclər Hökümətinin, Belarusiya Gənclərinin Könüllü Əmək Liqasının, Bolqarıstanın “Peşəkar Təhsil Forumu” Gənclər Assosiasiyasının, Litvanın Sahibkarlıq üzrə Gənclər Bürosunun, Gürcüstanın AEGEE-nin, İsveçrənin “Hümgarden” Gənclər Assosiasiyasının, Belorusiyanın “Fialta” Açıq Gənclər Mərkəzinin, Latviyanın Liepajas “Gənc Qartallar” Birliyinin, Almaniyanın “Avropa Vətəndaşları” və EVS Almaniya, Rumıniyanın “Gənc Tərəfdaşlar” Assosiasiyasının, Gürcüstanın Gənclər Təşkilatının Milli Şurasının və Moldova Gənclər Təşkilatlarının Milli Şurasının liderləri Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində olublar.
Azərbaycanın dahi oğlu, bugünkü müstəqil dövlətin memarı Heydər Əliyevin adını daşıyan Mərkəzə gələn hər bir kəsin diqqətini ən çox cəlb edən bu fenomen şəxsiyyətin şərəfli ömür yolundan bəhs edən fotoşəkillərdən və digər eksponatlardan ibarət olan muzeydir.
Respublikamızın Dövlət Təhlükəsizliyi Komitəsinə, sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövrləri, ölkəmizin müxtəlif bölgələrində əməkçi insanlarla görüşləri əks etdirən fotolar yorulmaq bilmədən çalışan rəhbərin canlı obrazını yaradır.
Azərbaycanın, keçmiş SSRİ-nin, eləcə də dünyanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərinin lentə alındığı fotolar dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətindən xəbər verir.
Bu fotoşəkillərdə Mirzə İbrahimov, Rəsul Rza, Qara Qarayev, Rəşid Behbudov, Niyazi, Mstislav Rostropoviç, İhsan Doğramacı, Xulio İqlesias, Müslüm Maqomayev, Tamara Sinyavskaya, Lütfiyar İmanov, İmran Qasımov və neçə-neçə görkəmli insanları görürük.
Heydər Əliyev Moskvada Sov.İKP.MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu illərdə nəhəng sovet dövlətinin həyati əhəmiyyətə malik bir çox sahələrinə rəhbərlik edirdi və təkcə ittifaqda deyil, dünyada nüfuzlu dövlət xadimi kimi tanınırdı.
Məşhur Baykal-Amur magistralının tikintisinə də bilavasitə o, rəhbərlik edirdi. Eksponatlardan göründüyü kimi, BAM-da birinci sərnişin qatarının ilk fəxri sərnişini də məhz Heydər Əliyev olmuşdur.
Ümummilli liderimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrə aid şəkillər isə düşmənlə üz-üzə, blokada şəraitində yaşayan diyarın problemlərinin həlli ilə bağlı gərgin fəaliyyəti əks etdirir.
Ulu öndərin xalqımızın təkidli tələbi, israrlı çağırışları ilə yenidən Bakıya - Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı da fotoobyektivin gözü ilə tarixin yaddaşına köçürülmüşdür. Xalq dahi rəhbərini sonsuz sevinclə qarşılayır, xilaskarlıq missiyası başlanır.
Dünyanın ən böyük dövlətlərinin rəhbərləri ilə keçirilmiş rəsmi görüşləri əks etdirən fotoşəkillər türk dünyasının dahi oğlunun Azərbaycanın beynəlxalq birlikdə öz yerini tutması, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması sahəsində ardıcıl, məqsədyönlü siyasətinin həyata keçirilməsinin ayrı-ayrı anlarından xəbər verir.
Heydər Əliyevin bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanması, ədəbi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işlərin əsil qiymətini tarix verəcəkdir. Lakin indinin özündə də bu sahədə müəyyən işlər görülmüş, xeyli kitablar yazılmışdır. Mərkəzin kitabxanasında bunların bir qisminin müxtəlif dillərdə nəşr olunmuş nüsxələri ilə də tanış olmaq mümkündür.
Bir sözlə, muzeydə toplanmış fotoşəkillər, ayrı-ayrı eksponatlar Azərbaycanın dahi oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin indiki və gələcək nəsillərə örnək olan əfsanəvi ömür yolunun yalnız bəzi məqamlarını əks etdirsə də, bunlarla tanışlıq Böyük Azərbaycanlının şəxsiyyətinin miqyası haqqında lazımınca təsəvvür yaradır.

Keçidlər