Əli Həsənov: “Dördüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində artıq iki müqavilə imzalanmışdır”
Volqoqradda Dördüncü “Rusiya-Azərbaycan: regionlararası dialoq 2013” forumu keçirilir.
Forumda iştirak etmək üçün Azərbaycandan Volqoqrada mötəbər nümayəndə heyəti gəlmişdir.
Nümayəndə heyətinin rəhbəri, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində demişdir: “Dördüncü Rusiya-Azərbaycan regionlararası forumu çox müvəffəqiyyətlə davam edir. Forum çərçivəsində artıq iki müqavilə imzalanmışdır. Bunlardan biri Rusiya hökuməti ilə Azərbaycan hökuməti arasında Rusiya və Azərbaycan enerji sisteminin paralelləşdirilməsi və bu sahədə əməkdaşlıq haqqında sənəddir. Saziş Rusiyanın Enerji Nazirliyi ilə Azərbaycan Energetika və Sənaye Nazirliyi arasında imzalanmışdır. Düşünürəm ki, bu saziş, forumun nəticəsi olaraq, çox ciddi bir sənəddir və gələcəkdə Cənubi Qafqazda, o cümlədən Xəzər-Qara dəniz hövzəsində enerji sistemlərinin paralelləşdirilməsi və birgə fəaliyyətin təşkili sahəsində mühüm əhəmiyyəti olacaqdır. İkinci saziş Volqoqrad hökuməti ilə imzalanmışdır və Volqoqrad vilayəti ilə Azərbaycan arasında sosial, iqtisadi, mədəni əlaqələrin inkişaf etdirilməsi ilə bağlı kompleks məsələləri əhatə edir. Məlum olduğu kimi, Rusiya böyük dövlətdir və onun regionları geniş iqtisadi, siyasi, sosial və mədəni potensiala malikdirlər. Bu regionlarda çoxsaylı Azərbaycan diasporu yaşayır. Azərbaycan hökuməti bu regionların iqtisadi və sosial potensialında maraqlıdır. Bu baxımdan Azərbaycan və Volqoqrad hökumətləri arasında imzalanan saziş Rusiyanın regionları ilə münasibətlər sahəsində fəaliyyətimizə tam cavab verir, həm Rusiyanın regionlarının, həm də Azərbaycanın maraqlarına uyğun gəlir. Bundan əvvəl biz Rusiyanın digər federal subyektləri ilə də belə sazişlər imzalamışıq. Forumun yekunu olaraq, Rusiya Prezidenti Administrasiyası ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası arasında gələcək əməkdaşlığa dair birgə bəyanat imzalanacaqdır. Gələcəkdə belə forumlar Rusiyanın digər regionları ilə də keçiriləcəkdir. Builki forumda yenilik tətbiq edilmişdir. Forumun panellərindən birində Rusiya və Azərbaycan gənclər təşkilatlarının bir qrup fəalı iki ölkə gəncləri arasında əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacaqdır. Digər panellər regionlararası əməkdaşlıq, sosial, Xəzər hövzəsinin birgə istifadəsi və başqa mövzulara həsr ediləcəkdir. Düşünürəm ki, bu görüşlər iki ölkə arasında münasibətlərin Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdikləri kursa müvafiq olaraq davam etdirilməsinə xidmət edəcəkdir. Forum öz işini davam etdirir. Tədbirdə Azərbaycandan 70 nəfər, Rusiyadan isə 170 nəfər iştirak edir. Bundan əlavə, Volqoqrad vilayətindən və Rusiyanın digər bölgələrindən Azərbaycan diasporunun nümayəndələri də forumda təmsil olunurlar. Forumun nəticəsi olaraq biz Rusiya-Azərbaycan münasibətlərinin 2014-cü il üçün regionlararası və sosial-iqtisadi perspektivlərini müəyyən edəcəyik”.